30/12/2014 05:47

General-polkovnik Zakir Həsənov: “Düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcəyik”

“Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaq”.
“AzeriDefence”nin xəbərinə görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrikində bildirib
“Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”, – nazir əlavə edib.

General-polkovnik Z. Həsənov bildirib ki, 2014-cü il xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənib, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanıb. Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Nazir qeyd edib ki, cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi.

“Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq… Mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun”.