01/05/2016 01:55

“Gəzən sursatlar” – yeni müharibələrin silahları

Pilotsuz texnologiyaların inkişafı bu tip kəşfiyyat və zərbə aparatları ilə yanaşı yeni – gəzən sursatların meydana çıxmasına şərait yaratdı. Onilliklər ərzində orduların istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) texnologiyalarının döyüş sursatları ilə inteqrasiyası nəticəsində meydana gələn, həm PUA, həm də mərmi funksiyalarını həyata keçirən gəzən sursatlar müxtəlif regionlarda gedən hərbi əməliyyatlarda özünü doğruldub. Dünya bazarında getdikcə artan tələblər ayrı-ayrı ölkələrin müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin bu istiqamətdə yeni tədqiqatları və məhsulları üzə çıxarması ilə müşahidə olunur. Xüsusən də son illərdə şəhər müharibələri və antiterror əməliyyatları kiçik ölçülü gəzən döyüş sursatlarına ehtiyacı daha da artırıb.

Aprel ayının əvvəlində Qarabağ cəbhəsində baş vermiş 4 günlük döyüş əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələri İsrail istehsalı olan “Harop” “gəzən sursat”larından istifadə etməklə postsovet regionunda ilk dəfə belə bir silah sisteminə malik olduğunu duyurdu. Silahlı Qüvvələrimiz tərfindən tətbiq edilən “Harop”lar hədəfləri yüksək dəqiqliklə məhv etməklə bərabər düşmən tərəfində ciddi psixoloji sarsıntılara, ruh düşkünlüyünə də yol açdı.

Azərbaycan ictimaiyyəti üçün “gəzən sursat”lar yeni olduğundan, marağı nəzərə alaraq, AZERİ DEFENCE jurnalının 2015-ci ildə nəşr olunmuş 4-cü (18) sayında bu barədə dərc olunmuş yazını təqdim edirik.

Yarı PUA, yarı sursat

Bəzən kamikadze PUA kimi də xarakterizə olunan bu gəzən sursatlar PUA-lar kimi üzərində elektro-optik kameralar daşıya, saatlarla havada qala, kəşfiyyat görüntülərini real vaxt rejimində operatora ötürə bilsə də PUA-lardan birdəfəlik istifadəsi və korpusunun içində özünü məhv edən partlayıcı başlığının olması ilə fərqlənir. Nəqliyyat vasitəsi üzərindəki lançerdən və ya çiyində daşınan ayrıca qından buraxılan “kamikadzelər” tapşırığa uyğun olaraq hədəfləri tapır, izləyir və dəqiq zərbəylə taran edərək özünü və hədəfi də məhv edir. Yeni nəsil bəzi gəzən sursatlar isə komanda əsasında əməliyyatdan ayrıla və PUA-larda olduğu kimi təkrar bazaya qayıda bilir.

Mövcud gəzən sursatları xarici görünüşünə və aerodinamik xüsusiyyətlərinə görə, klassik PUA (“Harpy”, “Harop”, TARES, “Battlehawk”)  və qanadlı raket (mərmi) dizaynına (“Hero”, “Fire Shadow”, “Switchblade”) ayırmaq olar. Partlayıcı yükünə görə, gəzən sursatlar

  • Mikro (300-500 qram)
  • Mini (500 qram – 1.2 kq)
  • Orta (1.2 kq – 10 kq)
  • Taktik (10 kq –dan başlayaraq)

sinifləndirilir. Bu sursatlar PUA-larda olduğu kimi elektrik və benzin mühərriki ilə təchiz olunurlar. Adətən taktik gəzən sursatlar benzin mühərrikə sahibdirlər. Bir çox sursatlar yerdən operator tərəfindən idarə olunsa da “Harpy”, “Harop”, TARES, “Orbiter-1K”, “Battlehawk” kimi avtopilot idarəetməsinə sahib, əvvəlcədən verilən koordinatları kəşfiyyat edərək hədəfləri axtaran sursatlara daha çox diqqət yetirilməkdədir.

İsrail

Hazırda gəzən sursatların yaradılması istiqamətində dünyada müxtəlif şirkətlər tərəfindən layihələr həyata keçirilməkdədir. Bu texnologiyaya sahib ölkələr siyahısına İsrail liderlik edir. 2006-cı ildə Livanla müharibədə, eləcə də ötən il Suriya Ordusunun bazalarına və Fələstin ərazilərindəki mövqelərə zərbələrin endirilməsində gəzən sursatlardan istifadə edən İsrail eyni zamanda bu məhsulların dünyada ən böyük ixracatçısıdır. Hazırda İsrail şirkətlərinin istehsalı olan müxtəlif növ gəzən sursatlar dünyanın 10-a yaxın ölkəsinin silahlanmasında yer alır.

AAA_0149a

IAI Harop

2000-ci illərin əvvəllərində IAI şirkəti tərəfindən hazırlanmış “Harop” kamikadze PUA 2009-cu ildə Hindistanda keçirilən hərbi sərgidə beynəlxalq bazara təklif olundu. IAI “Harpy” aparatlarının təcrübəsi nəzərə alınaraq yaradılan “Harop” sələfindən yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə anti-radar sisteminə mailk olması ilə fərqlənir. PUA olaraq atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra avtomatik şəkildə hədəfə tuşlanan mərmiyə çevrilir. Hədəfin məhv edilməsi əmri ləğv olunduqdan sonra aparat patrul funksiyasını davam etdirə və bazasına qayıda bilir. Əslində uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə ilə mübarizə üçün nəzərdə tutulan “Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. “Harop” 2009-cu ildə Hindistanın və Almaniyanın silahlanmasına daxil olub.

Green-Dragon-725

IAI Green Dragon

“Harop”un yığcam nümunəsi olan “Green Dragon” sistemi özündə elektro-optik və infraqırmızı kameraları birləşdirir. Daha kompakt olan bu sistem vasitəsi ilə atışdan sonra hədəfi yüksək keyfiyyətlə izləmək və mobil hədəfləri məhv etmək mümkündür.

Harpy - Lethal anti-radar attack munitions

IAI Harpy

Bu “gəzən sursat”la atışdan sonra 40 km radiusda hədəfləri müşahidə etmək və onlara 1 metr dəqiqliklə zərbə endirmək mümkündür. Cəmi 15 kq çəkiyə malik sursatın döyüş başlığı 3 kq təşkil edir və sursat 1.7 metr uzunluğunda qında yerləşdirilib. Atışdan sonra onun fəaliyyətinə tablet üzərindən nəzarət edilir və görüntülər DataLink üzərindən nəzarət panelinə ötürülür.

“Harop”la müqayisədə daha çox – 32 kq döyüş başlığı daşıyan və mənzili 500 km təşkil edən “Harpy” düşmənin radar sistemlərinə hücum üçün nəzərdə tutulub. Hazırda Cənubi Koreya, Türkiyə, Hindistan və Çin də daxil olmaqla bir sıra ölkələrin silahlanmasına daxil olan “Harpy” 185 km/saat sürətə sahibdir.

Harpy-NG-1021-696x395

IAI Harpy-NG

“Harpy” antiradar sisteminin yeni modifikasiyası olan “Harpy NG” rəqibin hava hücumundan müdafiə əməliyyat sistemini, o cümlədən radarlarını sıradan çıxarmaq üçün nəzərdə tutulur. “Harpy NG”də sələfi “Harpy”də olduğu kimi 15 kq yüksək detonasiyalı döyüş başlığına sahibdir. Sələfindən fərqi isə həm geniş, həm də aşağı tezlik diapazonlarında çalışan hədəfləri təyin edə bilən radiotezlik axtarıcısına sahib olmasıdır. “Harpy-NG” havada 6 saat qalır.

Aeronautics Defense” şirkətinin 2015-ci ildə “Orbiter-2” pilotsuz uçuş aparatının əsasında hazırladığı “Orbiter-1K” gəzən sursatı gündüz və gecə optik sensorları ilə yanaşı gövdə daxilində partlayıcı maddə daşıyır. 3 saata yaxın uçuş kanalına malik bu kamikadze PUA-nın uçuşuna kiçik kompüter vasitəsi ilə nəzarət olunur.

İstehsalçı şirkətin məlumatına görə, “Orbiter-1K” stasionar və hərəkətli hədəfləri aşkarlaya və məhv edə bilər. PUA həmçinin paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır.

UVision-HERO+30_2

UVision Hero-30

Gəzən sursatların müxtəlif növlərinin yaradılması və istehsalı üzrə ixtisaslaşmış İsrailin “UVision” şirkətinin portfelində 3 kq-dan 150 kq-dək çəkidə və fərqli mənzillərə malik gəzən sursatlar yer alır. Bir nəfər tərəfindən daşınan, 3 kq çəkili “Hero 30” “Hero” gəzən sursatlar ailəsinin ən kiçik qabaritli nümunəsidir. Dəqiqə ərzində atışa hazır vəziyyətə gətirilə bilən “Hero 30”un uzunluğu 0.8 metr, sürəti 100 dəniz milidir. 0.5 kq yüksək effektli partlayıcı daşıyan, elektrik mühərrikə sahib “Hero 30” havada 30 dəqiqə qala bilir. “Hero 30”un 5, 10, 40 km mənzilli versiyaları mövcuddur. Xüsusi qabda yerləşən sursat pnevmatik üsulla atışdan sonra mühərrikin işə düşməsi nəticəsində uçuşunu davam etdirir. İnfraqırmızı elektro-optik sensorla təchiz olunmuş “Hero 30” təxminən 300-600 metr yüksəkliyə qalxaraq hədəf axtarışını aparır, bu zaman görüntünü xüsusi hazırlanmış DataLink sistemi ilə operatorun monitoruna ötürür.

IMG_1150

UVision Hero-400

UVision HERO400 on a launcher

Hero-400 atış öncəsi

Yeddi kiloqram çəkiyə malik “Hero 70” isə 40 km mənzilə malikdir. Müxtəlif tip döyüş başlıqları ilə (1.2 kq) təchiz oluna bilən “Hero 70” elektrik mühərriklə havada 45 dəqiqə axtarış aparmağı bacarır. Tank, zirehli texnikaya qarşı və digər strateji məqsədlər üçün nəzərdə tutulan “Hero 120” sursatı isə “UVision”un qısa mənzilli gəzın sursatların ən böyüyüdür. Üzərində 3.5 kq partlayıcı döyüş başlığı daşıyan “Hero 120” 60 dəqiqədən artıq havada qala bilir. Hədəflərin izlənməsindən məhvinə qədər bütün prosesləri dəqiqliklə həyata keçirən bu sursatın ümumi çəkisi 12.5 kq, mənzili 40 km-dən çoxdur.

Benzin mühərrikə sahib 25 kq çəkili “Hero 250” sursatı isə 3 saat uçuş imkanına və 150 km mənzilə sahibdir. “Hero 250”nin faydalı yükünə gündüz kamerası, infraqırmızı kamera və 5 kq ağırlığında yüksək effektli partlayıcı maddə daxildir.

Uzun mənzilli gəzən sursatlar sırasında yer alan digər sursat – “Hero 400” (“Blade Arrow”) 150 km mənzilə, yüksək dəqiqliyə malikdir. Təxminən 40 kq çəkisi olan “Hero 400” 8 kq döyüş başlığına və 4 saatlıq uçuş müddəti ilə önə çıxır. “Hero 400” xüsusilə asimmetrik münaqişələr üçün əhəmiyyətli həllərdən hesab olunur. “UVision”un 20 kq döyüş başlığı ilə təchiz olunmuş “Hero 900” gəzən sursatı isə 7 saat havada qala bilməsi ilə sinfində ən yüksək göstəriciyə imza atır. Toplam ağırlığı 97 kq təşkil edən “Hero 900”ün mənzili 250 km-dir.

Avropadan taktik sursatlara xüsusi diqqət

Böyük Britaniya Silahlı Qüvvələrinin istifadəsində yer alan “MBDA Missile Systems” şirkətinin istehsalı olan “Fire Shadow” gəzən sursatı 100 km məsafə qət edə bilir. Yaradılmasına 2005-ci ildə start verilmiş bu layihədə İsrailin “Harpy” və “Harop” sistemlərindən qazanılmış təcrübədən istifadə olunub. Qanadlı raket dizaynına sahib “Fire Shadow”un uzunluğu 4 metr, ümumi çəkisi 200 kq, sürəti 250-300 km/saat, uçuş müddəti 6 saatdır. Testlər zamanı 4500 metr yüksəklikdə hədəfin axtarışını aparan “Fire Shadow” 100 km uzaqlıqda yerləşən stasionar,hərəkətli və dəniz hədəflərini dəqiqliklə vurmağı bacarıb. Bu sursat praktik olaraq Liviyada gedən əməliyyatlarda da tətbiq olunub. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, “Fire Shadow” əməliyyat tapşırığına uyğun olaraq gündüz və ya gecə sensorları ilə komplektləşdirilə bilər.

Fire-Shadow-Loitering-Munition2

Fire-Shadow-Loitering-Munition1

Fire Shadow

Rheinmetall Detec AG” şirkəti tərəfindən Almaniya Silahlı Qüvvələri üçün “Taifun” pilotsuz uçuş aparatının əsasında hazırlanmış TARES gəzən sursatı avtomatik şəkildə hədəflərin axtarışını, təsnifatını və məhv edilməsini həyata keçirir. 200 km mənzilə sahib olan TARES havada 4 saat qalır.

İstehsalçı firmanın təqdim etdiyi informasiyaya görə, TARES rəqibin tank və artilleriya sistemləri, mobil və ya sabit radarları və komanda idarəetmə vasitələrinə və digər yerüstü hədəflərinə qarşı istifadə edilə bilər. TARES kompleksi modul yer idarə stansiyası, nəqliyyat vasitəsi və hər birində 4 gəzən sursat yerləşən 4 buraxıcı qurğudan (ümumilikdə 16 uçuş vasitəsindən) ibarətdir. PUA və raketlərin aerodinamik xüsusiyyətlərini özündə birləşdirən TARES-in uzunluğu 2.3 metr, qanad açıqlığı 2.6 metr, hündürlüyü 1.1 metr/ sürəti 180 km/saatdır. Gəzən sursatın gövdəsi multispektral gizləməni təmin edən materiallardan hazırlanıb. TARES həmçinin verilən koordinatları kəşfiyyat etmək üçün avtopilot proqramına, GPS/İNS naviqasiya sisteminə, yüksək dəqiqliyə malik infraqırmızı başlığa və SAR radarına sahibdir. Kerosin mühərriklə işləyən TARES 20 kq həcmində yüksək partlayıcı başlıq daşıyır.

Polşanın “WB Electronics” şirkətinin MSPO-2014 sərgisində nümayiş etdirdiyi “Warmate” adlı çəkisi 1300 qram təşkil edən mini gəzən sursat havada 40 dəqiqə qalmağı bacarır.

polsa

Warmate

Elektrik mühərrikə malik sursatın gövdəsi kompozit materiallardan hazırlanıb. Şirkət rəsmilərinin sözlərinə görə, “Warmate” iki varinatda olacaq. Sadə dizaynlı, gündüz optik sensoru və 700 qram döyüş başlığına malik birdəfəlik versiya normal şərtlərdə döyüş aparmaq üçündür. Gündüz və ya infraqırmızı optik sistem, lazer nöqtələyici ilə təchiz olunmuş ikinci versiya 200 qram döyüş başlığı daşıyacaq. Uzunluğu 500 mm olan “Warmate” Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulur. Gələcəkdə bu sursatın PUA-lardan da atışı nəzərdə tutulur.

Amerika Ordusu kiçik sursatları seçir

ABŞ-da yerləşən dünyanın müdafiə sənayesi nəhəngləri – “Lockhed Martin”, “Boeing” və “Raytheon” kimi şirkətlər uzun mənzilli gəzən sursatların hazırlanması istiqamətində fərqli layihələr üzərində işləsələr də, hazırda Birləşmiş Ştatlar Ordusu daha çox minatür gəzən sursatların istifadəsinə diqqət yetirir. Bir və ya iki əsgər tərəfindən daşına bilən bu sursatlar geniş əməliyyat imkanlarına malikdirlər. Xüsusilə də şəhər şəraitində və dağlıq ərazilərdə bu minatür sursatların əvəzsiz rolu sübuta yetirilib.

MAVERIC_03

Battlehawk

Textron Systems” şirkəti tərəfindən hazırlanmış, səhra və şəhər şəraitində döyüşlər üçün nəzərdə tutulan “Battlehawk” İsrailin “Harop”unda olduğu kimi, özündə qabaqcıl müşahidə-kəşfiyyat texnologiyalarını birləşdirir. Sistemdə iki rejimdə partlayış yaratmaq imkanı mövcuddur. Kiçik dizaynı bu sursatın çantada daşınmasını və sadə bir qurğudan buraxılmasını təmin edir. Bir əsgər tərəfindən android bazalı mini əl kompüteri üzərindən idarə olunan “Battlehawk”ın sürəti saatda 100 mil, uçuş hündürlüyü 500 metr, havada qalma müddəti 30 dəqiqədir.

Kiçik ölçülü PUA-ların istehsalı üzrə ixtisaslaşmış “AeroVironment” şirkətinin “Switchblade” gəzən sursatı hazırda ABŞ Ordusu tərəfindən müxtəlif regionlarda istifadə olunur.

SB_Block10_Launching_v1__webready

Switchblade

Görüş məsafəsindən kənardakı hədəfləri müəyyənləşdirmək və dəqiqliklə məhv etmək üçün nəzərdə tutulan bu sursat uçuş zamanı hədəfin yeri, vəziyyəti və koordinatları barədə informasiyanı real vaxt rejimində operatora ötürür. 10 km əlaqə məsafəsinə  sahib sistem kiçik buraxıcı borudan atılır. “Switchblade”nin havada qalma müddəti 10 dəqiqə, sürəti 55-85 mil, uçuş hündürlüyü 150-450 metr, çəkisi 2.5 kiloqramdır.

Türkiyə və Çin layihələri

Gəzən sursatların hazırlanmasına Türkiyədə son illərdə diqqət yetirilməyə  başlanıb. Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyac duyduğu “Harpy I” kamikadze PUA-ların yerini almaq üçün start verilən layihədə TAİ istehsalı olan “Durna” və “Şimşək” platformalarının istifadəsi nəzərdə tutulur. Yeni mühərriklə təchiz olunmuş bu sursatların “Harpy” ilə müqayisədə iki dəfə uzaq mənzilə sahib olacağı gözlənilir. Qeyd edək ki, hazırda “Durna” hədəf dronu (təyyarə) olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilir. “Şimşək” hədəf dronlarının isə testləri yekunlaşmaq üzrədir.

May ayında İstanbulda keçirilmiş İDEF-2015 sərgisində Türkiyənin “Qartal Savunma Teknolojileri” şirkəti Hacettəpə Universiteti ilə birlikdə hazırladığı XO-06 Fi gəzən sursatını tanıdıb. Açılan qanada sahib bu sursat 500 qram plastik partlayıcı daşıyır və maksimum 12 km uçuş məsafəsinə sahibdir. Partlayıcı və müşahidə kamerası daxil sursatın çəkisi 3500 qram təşkil edir. “Link” əlaqə vasitəsi ilə bu gəzən sursat üzərindən uçduğu ərazinin görüntülərini operatora ötürür.

DSCN9964

XO-06 Fi

Amerikan “Switchblade” əsasında hazırlanmış “XO-06 Fi” bir əsgər tərəfindən daşınır. PUA-nın toplam faydalı yükü 750 qram (500 qram partlayıcı və 250 qram kamera), sürəti 75-125 km/saat, uçuş yüksəkliyi 4600 metr, havada qalma müddəti 15 dəqiqə, qanad açıqlığı 150 sm-dir.

Dünya hərbi sənayesini kopyalamaqda davam edən Çin 2014-cü ildə keçirilmiş aviaşouda yerli institutlardan birində yaradılmış WS-43 adlı gəzən sursatını sərgiləyib. Hazırda test mərhələsində olduğu bildirilən bu sursat 20 kq döyüş başlığına malik olacaq. Havada 30 dəqiqə qala biləcək WS-43 60 km məsafədə hədəflərə dəqiq zərbələr endirməyə imkan verəcək.

Rəşad Süleymanov