25/09/2014 11:01

“Gilan Tekstil” A-TACS kamuflyajlı uniforma istehsalına başlayıb – FOTO

Azərbaycanın “Gilan Tekstil” şirkəti hərbi qurumlar üçün ölkədə ilk dəfə olaraq A-TACS markalı kamuflyajlı uniformaların istehsalına başlayıb. “AzeriDefence”nin məlumatına görə, şirkətin istehsal etdiyi geyim vasitələri ADEX-2014 sərgisində nümayiş etdirilib.
Şirkət nümayəndələrinin sözlərinə görə, “Gilan Tekstil” A-TACS-la yanaşı ordu kəşfiyyatçıları və snayperlər üçün xüsusi geyimlər, maskalanma vasitələri, eləcə də əsgərlər üçün müxtəlif səhra geyimləri istehsal edir. A-TACS kamuflyajlar kəşfiyyatçılar və xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulur. Bu kamuflyajların parçası əsgərlərin gecəgörmə vasitələri və termal cihazlar tərəfindən görülməsini əngəlləyir.

“Gilan Tekstil”in xüsusi təyinatlılara təqdim etdiyi A-TACS uniformaların üzərində diz və dirsək qoruyucuları yer alır. Kəşfiyyatçılar üçün nəzərdə tutulan kamuflyajların üzərinə isə maskalanma vasitələri bərkitmək üçün iplər mövcuddur. Bununla yanaşı şirkət hərbçilər üçün müxtəlif kamuflyajlarda modul taktik jiletlər hazırlayıb. Bu jiletlər həm silah-sursat yükü kimi istifadə oluna, həm də ehtiyac yarandıqda daxilinə bədən zireh lövhələrini yerləşdirmək olur.