15/05/2018 18:45

Giləzidə dəmiryol xəttinin kənarından hərbi sursatlar aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol xəttinin kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 54 ədəd yanmış döyüş başlığı (53 ədəd VM-30 və 1 ədəd V-30) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş döyüş başlıqlarının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.