26/05/2015 17:30

Gələcəyin alman tankı – FOTO

Dünyada öz tank və zirehli döyüş maşınları ilə tanınan Almaniya “gələcəyin tankı”nın konsepsiyasını və dizaynını hazırlayıb. Həm II Dünya Müharibəsində, həm də Soyuq Müharibə və ondan sonrakı dönəmdə istehsal etdiyi tanklarına dünya ölkələrinin “həsəd apardığı” Almaniya yeni tankı ilə sektorda öz yerini kiməsə güzəşt etmək fikrində olmadığını göstərir.
Rusiyanın mayın 9-da “Armata” tankını nümayiş etdirməsindən çox keçməmiş hərbi mediaya sızan məlumata görə, almanların üzərində işlədikləri tank daha müasir olacaq. General Quderianın “nəvələri” əslində rus və amerikan sənayesini şoka salmağa hazırlaşırlar.

Almanların yeni tankı tank və piyada döyüş maşınının imkanlarını özündə birləşdirməklə unikal platforma olacaq. Tankın arxa hissəsi piyadanın daşınması üçün layihələndirilib. Arxada açılmış qapı vasitəsi ilə piyada maşına daxil ola və ya maşını tərk edə bilər. Amerikan “Abrams” tanklarından fərqli olaraq, yeni konstruksiyada döyüşçülər müəyyən müddət zirehli örtüyün altında özlərini qoruya bilərlər.

Tankda hər bir çarx üçün ayrılıqda tənzimlənə bilən hidropnevmatik asma tətbiq olunub. Belə ki, tankı qorumaq üçün onun hündürlüyünü əl ilə də tənzimləmək olur.

İstehsalda istifadə olunan yeni materiallar tankın qorunmasını və dayanıqlığını, həmçinin onun sürətini artırır.

Yanacaqdan əmələ gələn tullantı isə mühərrikdən çıxaraq tankın arxa bölməsindən yuxarıya doğru buraxılır.

Tankın zireh örtüyü mürəkkəb komponentlərdən ibarətdir. Zirehə əsas güc verən qatqılar isə rodium və titandır. Tankın ön hissədə müdafiəsi bu qarışıq materialdan 1.4 metr qalınlığında zirehlə təmin olunacaq. Mütəxəssislərin firkincə, bu halda tankın ekipajı istənilən zirehdələn mərmidən qorunmuş olacaq.

Tankda 140 mm-lik yivsiz top quraşdırılıb ki, bu da ənənəvi toplardan fərqlənir. Həmçinin, topun uzunluğu da bir qədər artırılıb. Topun gövdəsi daxildən termoizolyasiya korpusu ilə təmin olunub.

Tankın qülləsində həmçinin 25 mm-lik top quraşdırılıb ki, bu da yüngül zirehli texnika və aşağı məsafədən uçan hədəflərə qarşı nəzərdə tutulub. Əlavə olaraq, tankın qülləsində 7,62 çaplı pulemyot yer alır. 25 mm-lik top 86 mərmi ehtiyatına malikdir.

Tankın ön hissəsi və mühərrik bölməsi “Merkava”da olduğu kimidir. Bu da piyadanı götürmək və boşaltmaq, şəxsi heyətin – yaralıların evakuasiyasını həyata keçirmək kimi funksiyaları asanlıqla icra etməyə imkan yaradır.

Bundan başqa, tankda aktiv müdafiə sisteminin quraşdırılması da mütəxəssislərin planına daxildir.