20/07/2013 09:40

Gələn həftə Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimi başlayır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkilatçılığı ilə Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri mövzusunda təlimlər keçiriləcək. Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

İyulun 22-dən avqustun 2-dək Agentliyin Göygöl Regional Təlim bazasında keçiriləcək təlim kursunda Əfqanıstan, Tacikistan, İraq, Anqola, İordaniya, Liviya, Livan, Mozambik, Şri-Lanka, Uqanda, Amerika Birləşmiş Ştatları, eləcə də GICHD və Azərbaycandan mina aksiyası üzrə mütəxəssislər iştirak edəcək.

Qeyd olunmuş kursun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və Şübhəli Təhlükəli Ərazilərin Ləğv Edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil edilməsidir.