08/02/2014 09:36

Gəncə Aviasiya Təmiri Zavodu yeniliklərə hazırlaşır

1978-ci ildən helikopter mühərriklərinin təmirini həyata keçirən Müdafiə Nazirliyinin Gəncə Aviasiya Təmiri Zavodu yaxın vaxtlarda istehsalatda bəzi yeniliklərə hazırlaşır. AZERİ DEFENCE jurnalının məlumatına görə, hazırda müəssisədə Mi-8 tipli helikopterlərin planer təmiri və Aİ-9 köməkçi mühərrikin təmirinin mənimsənilməsi istiqamətində işlər aparılır.

Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya Registri tərəfindən sertifikatlaşdırılmış Gəncə Aviasiya Təmiri Zavodunda hazırda TV-3-117 mühərriklərinin bütün modifikasiyalarının əsaslı təmiri, VR24, VR26, VR14, R7 reduktorlarının və TV2-117 mühərriklərinin əsaslı təmiri həyata keçirilir.

Müəssisədə Azərbaycanla yanaşı müxtəlif xarici ölkələrin sifarişləri üzrə aviasiya texnikalarının mühərrikləri təmir olunur. Gəncə Aviasiya Təmiri Zavodunun sifarişçiləri arasında Kuba, Peru, Kolumbiya, Əfqanıstan, Polşa, Rusiya, Baltik ölkələri və s. dövlətlər yer alır.