24/12/2014 08:01

Gəncədə “KamAZ”ın yeni modeli yığılacaq

Rusiyanın “KamAZ” ASC ilə Azərbaycanın Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) arasında “KamAZ” avtomobillərinin Azərbaycanda yığılmasına dair müqavilə imzalanıb.Bu barədə “AzeriDefence”yə “KamAZ” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Müqaviləyə əsasən, Azərbaycanda ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımına artıq gələn ilin birinci yarısında başlanacaq.

Müqavilələrdən biri gələcəkdə Azərbaycan müəssisəsində yığım üçün yük maşınlarının maşın komplektlərinin tədarükünü nəzərdə tutur. Həmçinin “KamAZ” avtomobillərinin “KamAZ-43114”, 4326, 43118, 65115, 65117 və 6520 modellərinin yığılma hüququna dair Gəncə Avtomobil Zavodu ilə “KamAZ” arasında lisenziya razılaşması da imzalanıb.

İstehsal həcmləri yaxın vaxtlarda məlum olacaq.

Tərəflər “KamAZ” avtomobillərinin yığım istehsalı ilə yanaşı, Bakı və Gəncədə planlaşdırılan zəmanət və zəmanət sonrası dövrlərdə texniki xidmətin təşkil edilməsi şərtlərini də razılaşdırıblar.

Azərbaycanda istehsal olunacaq modellər arasında “KamAZ-4326” hərbi təyinatlı avtomobildir.