11/02/2016 14:39

Gülhanə Tibb Akademiyasının kardiologiya klinikasının rəisi: “Azərbaycanda hərbi təbabətin inkişafına sevinirəm”

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının kardiologiya klinikasının rəhbəri professor doktor Atilla İyisoy Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında ezamiyyətdə olub, öz bilik və təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşüb. Atilla İyisoy Türkiyənin adlı-sanlı ürək-damar mütəxəssisi hesab olunur. O, bu ixtisasa 2000-2001-ci illərdə Amerika Birləşmiş Ştatlarındakı Klivlend klinikasında ürək-damar üzrə dünya şöhrətli tibb mütəxəssisi, kardiologiya üzrə professor Murad Tozcunun rəhbərliyilə mükəmməl yiyələnib. 2013-cü ildən professor elmi dərəcəsi almış Atilla İyisoy qısa müddətdən sonra Gülhanə Hərbi Tibb Akademiyası kardiologiya klinikasının rəhbəri vəzifəsinə irəli çəkilib.

“AzeriDefence” A. İyisoyun Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinə müsahibəsini təqdim edir.

– Hörmətli professor doktor, Azərbaycana xoş gəlmisiniz. Bu sizin ölkəmizə ilk gəlişinizdir?

– Çox sağ olun. Bu mənim çox sevdiyim Azərbaycana ilk gəlişim deyil. Mən Bakıya birinci dəfə 17 il öncə – 1999-cu ilin fevralında gəlmişdim. O zaman Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında bir sıra çətinliklər, sıxıntılar vardı.
Amma 2015-ci ildə gəldiyim zaman Bakını heç tanıya bilmədim. Azərbaycanın baş şəhəri çox dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. Qısa zamanda yaraşıqlı binalar tikilib, müasir yollar çəkilib, modern infrastruktur yaradılıb. Bu çox sevindiricidir.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı isə tamamilə tanınmaz olub. Əvvəlki dövrlə müqayisə etsək, hospital indi modern bir tibb ocağına çevrilib. Bura hazırda ən müasir avadanlıqlarla təmin edilib, Azərbaycan Silahlı Qüvvələri əsgər və zabitlərinin yüksək səviyyədə müayinə və müalicəsi aparılır.
Bir nümunə deyim. Bizim yetərincə müasir, peşəkar tibb mütəxəssislərinə malik Gülhanə Hərbi Tibb Akademiyasının kardiologiya klinikasında ekokardioqram cihazlarımız var. Bakıda Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzilə tanış olarkən gördüm ki, burada kardioloqların yararlandığı cihazlar onlardan da moderndir. Mən buna, doğrusu, bir qədər heyrətləndim. Amma səmimi olaraq Azərbaycanda hərbi təbabətin inkişafına, uğuruna olduqca sevindim, qürur duydum.
Biz qardaş ölkələrik və bir-birimizin uğurlarına ancaq sevinməliyik. Hospitalın Ürək-Damar Mərkəzində qısa zamanda olduqca çətin əməliyyatlar, o cümlədən xeyli sayda açıq ürək əməliyyatları həyata keçirilib. Mərkəzdə bacarıqlı bir kollektivin çalışdığını gördüm. Bunu çox yüksək dəyərləndirirəm.

– Ölkəmizə səfəriniz nə ilə əlaqədar idi?

– 2015-ci ildə yenə Azərbaycana gəlmək imkanı yarandı. Bu dəfə də təcrübə mübadiləsi məqsədilə gəlmişdim. Onda Azərbaycanı, Baş Klinik Hospitalı çox inkişaf etmiş gördüm.
İndi Azərbaycanda yetərincə bacarıqlı kardioloqlar yetişib və onlar çətin əməliyyatları çox böyük uğurla həyata keçirirlər. Onlara bir az dəstək verməyə gəlmişdim. Bu mütəxəssislər bütövlükdə Azərbaycan təbabətinin qürur duyacağı uğurlara imza atırlar.

– Hörmətli professor doktor, indiki gəlişiniz nə ilə bağlıdır?

– Bu dəfə isə qısa müddətə gəldim. Burada görülən işlərlə yaxından tanış olmaq, bir daha təcrübə mübadiləsi etmək mənim üçün həmişə xoşdur. Doğrudan da, burada çox böyük uğurların şahidi oldum. Kardiocərrahlar tibb xidməti polkovnik-leytenantı Anar Əmrah, tibb xidməti mayoru Səməd Səmədli kimi mütəxəssislər çox böyük işlər görürlər. İlk növbədə onlara dəstək vermək, müəyyən tibbi məsələlərlə bağlı fikirləri paylaşmaq, bilgiləri bölüşmək bu səfərimin əsas məqsədi idi.
Burada gördüklərim məndə çox yaxşı təəssürat oyatdı. Həmkarlarımız kardiologiya ilə bağlı həsəd aparılası işləri gerçəkləşdiriblər. Azərbaycanda hərbi təbabəti irəli aparan uğurlar qazanılır, mürəkkəb və müsbət sonluqlu əməliyyatlar həyata keçirilir. Hətta uşaqlar üzərində çətin ürək əməliyyatlarının uğurla aparılması Azərbaycanın hərbi kardioloqlarına başucalığı gətirən işlərdəndir.
Ona görə buraya gəlməkdən, həmkarlarıma dəstək verməkdən son dərəcə məmnunam. Bu səbəbdən Türkiyəyə xoş təəssüratlarla qayıdıram.
Onu da deyim ki, burada olduğumuz müddətdə əhatə olunduğumuz qayğı təkcə bizə deyil, ümumilikdə Azərbaycanın hərbi təbabətinə diqqətin göstəricisidir. Buna görə qəzetiniz vasitəsilə hörmətli Müdafiə naziri general-polkovnik Zakir Həsənova bir daha öz minnətdarlığımı bildirirəm.

– Azərbaycanlı həmkarlarınızla əlaqələr yalnız bu təcrübə mübadilələrilə bitir, yoxsa daha geniş sahələri əhatə edir?

– Təbii ki, bizim işbirliyimiz təkcə buraya gəlməklə bitmir. Bizim əlaqələrimiz çox sıxdır və həmişə davam edəcək. Mənim üçün çox xoşdur ki, qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında hərbi sahədə də sıx işbirliyi var. Azərbaycanın hərbi tibb mütəxəssisləri Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında təhsil alırlar, ölkəniz üçün zəruri ixtisaslara yiyələnirlər və peşəkar tibb mütəxəssisləri kimi Azərbaycana qayıdır, hərbçilərə, onların ailələrinə ixtisaslı tibbi xidmət göstərirlər.
Biz ürək-damar mütəxəssisləri arasında əlaqələr getdikcə daha da möhkəmlənir.
Bəzən telefonla, internet vasitəsilə danışır, işbirliyimizi, əməliyyat apararkən nə lazım olduğunu müzakirə edir, bir-birimizə məsləhətlər veririk.
Azərbaycanla Türkiyə qardaş ölkələrdir və bizim əlaqələrimiz daimidir. Əslində bu qarşılıqlı əlaqələr Türkiyə və Azərbaycan prezidentlərinin, hər iki qardaş ölkənin Silahlı Qüvvələri rəhbərliyinin diqqətilə gerçəkləşir, inkişaf edir, möhkəmlənir. Onların sayəsində Gülhanə Hərbi Tibb Akademiyası ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı arasında sıx əlaqələr yaranıb və hərbi tibb mütəxəssisləri qarşılıqlı ezam olunur, təcrübə mübadiləsi edirlər. Buna ancaq sevinmək olar.