14/06/2019 12:08

Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub

Azərbaycan ilə Türkiyə və Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2019/2020-ci tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) “AzeriDefence”yə verilən məlumata görə, müsabiqədə 2019-cu ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 nəfərin siyahısı müəyyənləşdirilərək Gülhanə Tibb Fakültəsində, 6 nəfərin siyahısı isə Hərbi Tibb Akademiyasında təhsil alması məqsədi ilə seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 namizədin Gülhanə Tibb Fakültəsində, 2 namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində və Hərbi Tibb Akademiyasında təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Kursantlar birinci kursda hərbi and içir və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər şəxsiyyəti təsdiq edən sənədin əsli ilə iyulun 11-dək Dövlət İmtahan Mərkəzinə müraciət etməlidirlər.