28/12/2018 16:57

Gürcüstan 120 mm-lik mobil minaatan kompleksi hazırlayıb

Gürcüstanın “STC Delta” Mərkəzi “Didgori Warrior” nəqliyyat vasitəsinin bazasında 120 mm-lik mobil minaatan kompleksi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “STC Delta” Mərkəzinin baş direktoru Uça Dzidzuaşvili keçirdiyi mətbuat konfransında bildirib.

Minaatan kompleksi barədə əlavə məlumat verilməyib. Yalnız bunun zirehli “Didgori” maşınının “Warrior” adlandırılan pick-up versiyasının üzərində yerləşdirildiyi açıqlanıb. Özüyeriyən minaatan kompleksi 17-20 fevral 2019-cu il tarixlərində Abu Dabi şəhərində İDEX-2019 beynəlxalq müdafiə sərgisində təqdim ediləcək.

“Azeri Defence”nin baza məlumatlarına görə, burada söhbət yeni minaatan kompleksindən deyil, “STC Delta”nın 2 il əvvəl təqdim etdiyi GMM-120 minaatan modulunun “Didgori” zirehli avtomobilinə inteqrasiyasından gedir.2016-cı ildə “STC Delta” bu minaatan modulunun 6×6 təkər formullu MAN KAT-1 nəqliyyat vasitəsi üzərində ilk təqdimatını keçirib. Mərkəzin istehsalı olan 120 mm-lik minaatanın atəş tempi dəqiqədə 15 atış, maksimum atış məsafəsi 7.1 km-dir. Minaatanın idarə edilməsi xüsusi atış-nəzarət proqramı ilə kompüter üzərindən həyata keçirilir.