14/11/2017 21:50

Gürcüstan ABŞ-dan M-240B pulemyotları alıb

Gürcüstan Müdafiə Nazirliyi ABŞ-dan M-240B pulemyotları satın alıb.

“AzeriDefence”nin Gürcüstanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Ordusunun hərbi qulluqçuları tərəfindən silahın öyrənilməsinə başlanıb.

Hazırda amerikalı hərbçilər tərəfindən 40-dək gürcü mütəxəssis üçün silahın saxlanılması, istifadəsi, təmir və texniki qulluğun göstərilməsi üçün təlim kursu keçirilir. Öyrədilən heyət orduda pulemyotçuların hazırlanmasını həyata keçirəcək.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, Gürcüstan M-240 pulemyotlarını 2017-ci ilin ortalarında satın alıb. Silahın ilk partiyası may ayında sülhməramlı qüvvələrə verilib.

M-240B (“Bravo”) pulemyotu “FN Herstal” şirkəti tərəfindən istehsal olunur və 2000-ci illərdə ABŞ Ordusunun silahlanmasına daxil olub. Çəkisi 12.5 kq, uzunluğu 1245 mm, lüləsinin uzunluğu 627 mm təşkil edən pulemyot 7.62×51 mm NATO patronları ilə atəş açır. Dəqiqədə 750-950 atəş edə bilən silaın effektiv atış məsafəsi 900 metrdir.