13/04/2012 12:36

Gürcüstan Azərbaycanla hərbi sənaye sektorunda birgə istehsal qurmaq istəyir

Gürcüstan hərbi sənaye sektorunda birgə istehsal və yığım layihələrini həyata keçirmək üçün Azərbaycana müraciət edib. “AzeriDefence”nin məlumatına görə, bununla bağıl məsələ ötən ilin ortalarında Bakıda tərəflər arasında müzakirə olunub. Gürcüstan tərəfdən danışıqları Müdafiə Nazirliyinin Delta Hərbi-Elmi Texniki Mərkəzinin rəhbəri aparıb.

Rəsmi Bakının birgə istehsal layihələrinə münasibəti barədə detallı məlumatlar verilməsə də Müdafiə Sənayesi Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı “bu məsələyə baxıldığını” söyləyib.

Nazirlikdən verilən məlumata görə, Gürcüstan əsasən atıcı silahların, qumbaraatanların və döyüş sursatlarının birgə istehsalında, bu sahədə Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduğunu bəyan edib. Eyni zamanda bəzi müdafiə təyinatlı məhsulların Azərbaycandan tədarükünə başlamaq niyyətində olduğun açıqlayıb.

Hazırda tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Gürcüstan müəssisələrində istehsal olunan Su-25 tipli təyyarələrin uçuş testləri Azərbaycanda, azərbaycanlı aviamühəndislərin iştirakı ilə aparılır.