30/05/2016 18:33

Gürcüstan Ərəb Əmirliklərinə distans döyüş modulu satacaq

Gürcüstanın “Delta” Hərbi Elmi Texniki Mərkəzi Birləşmiş Ərəb Əmirliklərindən 67 milyon lari (32 milyon ABŞ dolları) dəyərində distans idarə olunan döyüş modulu sifariş alıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Georgia News” agentliyinə “Delta” mərkəzinin keçmiş baş direktoru Uça Dzodzuaşvili bildirib.

Gürcüstan sifariş üzrə hərbi texnikanın 11 milyon dollar dəyərində birinci partiyasını yaxın günlərdə Ərəb Əmirliklərinə çatdıracaq.

“Delta”nın distans döyüş modulu “Lazika” adlı piyada döyüş maşınında qurulub. Modula 2A14 tipli 23 mm-lik avtomatik top və 7,62 mm-lik PKT pulemyotu daxildir. Modulun üzərində gecə görmə cihazı, habelə termal kamera və stabilizator yer alır.

Qeyd edək ki, Gürcüstan bundan əvvəl – 2015-ci ilin sonlarında Səudiyyə Ərəbistanı ilə 40 milyon dollar dəyərində MEDEVAC zirehli sanitar maşınların satışına dair müqavilə imzalayıb.