28/02/2017 13:29

Gürcüstan Ordusu Türkiyədən “Əjdər” zirehli maşınını alıb – VİDEO – FOTO

Türkiyənin “Nurol Makina və Sanayi” şirkəti tərəfindən istehsal edilən “Əjdər” piyadanın döyüş maşını Gürcüstan Silahlı Qüvvələrinin hərbi texnika parkına daxil edilib.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

“Vaziani” poliqonunda “Əjdər” döyüş maşını Gürcüstan müdafiə naziri Levan İzoriaya təqdim edilib.

Hərbi texnikaya baxış keçirən nazirə zirehli nəqliyyat vasitəsinin taktiki və texniki xarakteristikası barədə ətraflı məlumat verilib.

Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibayın sözlərinə görə, personalın daşınması üçün nəzərdə tutulan zirehli maşınlar yaxın zamanlarda hərbi hissələrə göndəriləcək və kritik əməliyyatlarında istifadə olunacaq.

6×6 təkər formuluna malik “Əjdər” zirehli transportyoru çətin ərazi şərtlərində hərəkət imkanına sahibdir.

“Əjdər” mina, kustar üsulla hazırlanmış partlayıcılar və balistik təhdidlərə qarşı yüksək qorumanı təmin edir.

Gürcüstanın hərbi mediasının yazdığına görə isə adıçəkilən ölkənin Müdafiə Nazirliyi artıq 100 ədəd “Əjdər”in alınmasına dair Türkiyənin müvafiq qurumu ilə müqavilə imzalayıb.