13/01/2019 23:35

Gürcüstanın 120 mm-lik yeni mobil minaatan kompleksi -TTX və FOTO

Gürcüstanın “STC Delta” Mərkəzi tərəfindən “Didqori Meomari” zirehli maşının bazasında yaradılmış 120 mm-lik minaatan kompleksin texniki-taktiki xüsusiyyətləri və ilk fotosu “AzeriDefence” saytı tərəfindən əldə edilib.

Qeyd edək ki, minaatan kompleksinin ilk ictimai təqdimatının fevral ayının 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində İDEX-2019 sərgisində keçirilməsi planlaşdırılır.

4×4 təkər formuluna malik “Didqori Meomari” zirehli avtomobilin uzunluğu 7240 mm, eni 2350 mm, döyüş ağırlığı 8200 kq-dır. 300 at gücündə mühərrikə sahib maşının gediş ehtiyatı 500 km təşkil edir.

“STC Delta” tərəfindən istehsal edilmiş 120 mm-lik minaaatan İspaniyanın “Alakran” (həmçinin Ukraynanın “Bars-8MMK”) mobil minaatan kompleksinin konsepsiyasına bənzər şəkildə maşının arxa bölməsində yerləşdirilib. Minaatanın maşından endirilməsi, yığılması və tuşlanma prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Minalar silaha əllə ötürülür.

Minaatanın heyəti 3 nəfərdir.