15/02/2017 09:30

“Gürzə”nin bazasında özüyeriyən avtomatik minaatan yaradılır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) mobil minaatan kompleksinin yaradılması üzərində işləyir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə MAKA-nın baş direktoru Alçın Şirinzadə bildirib.

A.Şirinzadənin sözlərinə görə, 82 mm çaplı avtomatik minaatan kompleksi “Gürzə” maşınının şassisi üzərində yaradılacaq.

“Nazirliyimizin tapşırığına əsasən, 2017-ci ilin sonunadək “Gürzə” maşının bazasında 82 mm-lik özüyeriyən, idarə olunan minaatan sisteminin yaradılmasını qarşımızda məqsəd qoymuşuq. Artıq bu istiqamətdə araşdırmalara başlanıb”, – deyə baş direktor qeyd edib.

Qeyd edək ki, ilk nümunəsi 2012-ci ilin sonunda təqdim olunan “Gürzə” maşınının aşağıdakı konfiqurasiyaları mövcuddur:

1. 12.7 mm-lik NSV pulemyotu və yanlarda 7.62 mm UP/HP pulemyotları ilə silahlandırılmış “patrul” konfiqurasiyası.

2. Tank əleyhinə idarə olunan raket kompleksi (“Skif”, “Spyke” və s.) ilə silahlandırılmış “tank əleyhinə kompleks” (2013-cü ildə hərbi paradda, ADEX-2014 və ADEX-2016 sərgilərində nümayiş olunub)

3. AQS-30 avtomatik qumbaraatanla silahlandırılmış “yüngül hücum maşını” (2013-cü ildə hərbi paradda nümayiş olunub)

4. ASELSAN şirkətinin istehsalı olan SARP döyüş moduli ilə silahlandırılmış “Gürzə 2” konfiqurasiyası. Silahlar kabinədən idarə olunur (ADEX-2014 sərgisində nümayiş etdirilib)