10/08/2018 14:50

HDQ komandanının müavini: Dəniz Kuboku-2018″ yüksək səviyyədə keçirildi

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsi çox gərgin və eyni zamanda yüksək səviyyədə keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini, birinci dərəcəli kapitan Sübhan Bəkirov “Dəniz Kuboku-2018″ müsabiqəsinin bağlanış mərasimindən sonra keçirilən mətbuat konfransında deyib.

S.Bəkirov bildirib ki, müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçiləri bu yarışlarda bilmədikləri texnikaların, silahların, döyüş hazırlığı planlarının bir-birinə ötürülməsi, öyrənilməsindən bəhrələndilər: “Hesab edirəm ki, bundan sonra da keçirilən yarışlarda Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələri ancaq dostluq, bir-birinə texnikaların, gəmilərin döyüş hazırlığının sirlərinin öyrənməsinə xidmət edəcək. Bundan sonra bütün gəmi ekipajları qarşıda qoyulan bütün döyüş tapşırıqlarına həmişə hazır olacaqlar və Xəzər dənizinə heç bir hərbi müdaxiləyə imkan verməyəcəklər”.

Dəniz Kuboku-2018” müsabiqəsində dostluğun qalib gəldiyini vurğulayan S.Bəkirov Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin Azərbaycana səfəri zamanı şəxsi heyətin ölkəmizlə yaxından tanış olmaq imkanı qazandığını deyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov, Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Şaxram Həbibi də konfransda çıxış edərək yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürlərini ifadə ediblər. Qonaqlar bu yarışda yenidən iştirak etməkdən məmnunluqlarını bildiriblər.