23/04/2019 18:50

Hərbçilərə və polislərə verilən kirayə haqqı artırıldı – MƏBLƏĞ

Nazirlər Kabineti polislərə, hərbi qulluqçulara, polis və miqrasiya orqanlarının əməkdaşlarına xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqının (kirayə haqqı) artırılması barədə qərar qəbul edib.

Bu barədə “AzeriDefence” Nazirlər Kabinetinin saytına istinadən məlumat verib.

Qərara əsasən hərbçilərə, daxili işlər orqanlarının, miqrasiya xidmətinin əməkdaşlarına xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq aylıq pul kompensasiyası Bakı şəhərində 47 manatdan 150 manata, başqa şəhər və rayonlarda 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində isə 27 manatdan 55 manata qaldırılıb. Bundan başqa, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda isə 100 manat məbləğində kirayə pulu müəyyən olunub.

Qeyd edək ki, artım hərbçiləriin onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün də şamil olunur. Belə ki, ailə üzvlərinə yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir.

Qərar eyni zamanda ordudan və hüquq-mühafizə orqanlarından ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına da şamil olunur.

.