28/11/2017 17:38

Hərbi Akademiya Bilik Fondu ilə birgə “Müdafiə və təhlükəsizlik” mövzusunda konfrans keçirib

Noyabrın 28-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Azərbaycan Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordunun müasir tələblərə cavab verən silah və texnika ilə mütəmadi təmin olunduğunu qeyd edib, müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb, ümummilli lider Heydər Əliyevin ordunun hərbi potensialının artırılması sahəsində atdığı addımlardan, Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri və struktur dəyişikliklərindən, hərbi hazırlığa elmi yanaşmanın vacibliyindən danışıb.

Plenar iclasın sonunda Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və Hərbi Akademiyanın rəisi Heydər Piriyev hər iki qurumun 2018-ci il üçün Birgə Fəaliyyət Planını imzalayıblar.

Konfrans “Hərb məharəti və maddi-texniki təminat”, “Texniki elmlər”, “Hərbi pedaqogika”, “Hərbi humanitar elmlər”, “Milli təhlükəsizlik”, “Müharibə və hərbi hüquq”, “Hərbi təbabət” bölmələri üzrə elmi məruzələrlə davam edib.