20/03/2018 18:09

Hərbi Dəniz Qüvvələrində “açıq qapı” günü – FOTOLAR

Bu gün Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı” günü keçirilir.

“AzeriDefence”nin məlumatına görə, Novruz bayramına təsadüf edən “Açıq qapı” günündə əsgər və matrosların valideynləri, ictimaiyyət nümayəndələri, nazirliyin rəhbər heyəti iştirak edib.

“AzeriDefence”nin əməkdaşları Hərbi Dəniz Qüvvələrinin (HDQ) əsas bazasında keçirilən tədbirdə iştirak edib.

Tədbirə HDQ-də xidmət edən hərbi qulluqçuların ailələri və respublikanın müxtəlif rayonlarından gələn matrosların valideynləri iştirak ediblər.

Şəxsi heyət və tədbir iştirakçıları öncə bazanın qarşısında Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qonaqlar qarşısında çıxış edən HDQ-nin komandanı vəzifəsini icra edən, I dərəcəli kapitan Zaur Hümbətov bayram münasibəti ilə matros, miçman və zabit heyətini, əsgər valideynlərini təbrik edib.

Z.Hümbətov qeyd edib ki, artıq iki ildən çoxdur müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilir. Məqsəd valideynləri, ictimaiyyəti orduda yaradılan şəraitlə tanış etmək, eyni zamanda onların fikir və təkliflərini dinləməkdir.

“Arzu edirəm ki, növbəti Novruz bayramnın tonqalını işğal altındakı torpaqlarımızda yandıraq”, – deyə I dərəcəli kapitan Z. Hümbətov vurğulayıb.

Daha sonra Xətai rayon Mədəniyyət Evinin kollektivi konsert proqramı ilə çıxış edib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra valideynlər əsgərlərin yaşadığı kazarmalar, xidmət etdiyi gəmilərə baş çəkərək orada yaradılmış şəraitlə yerindəcə tanış olublar.

Matrosların valideynləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və orduya göstərdiyi qayğıya görə dövlət başçısı  prezident İlham Əliyevin ünvanına minnətdarlıqlarını ifadə ediblər.