06/12/2015 19:48

Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi günün tələbidir – MÜSAHİBƏ

Komandan: Azərbaycanda Hərbi Dəniz Qüvvələri üçün gəmilərin inşasına başlanacaq

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, HDQ komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Şahin Məmmədovun AZERİ DEFENCE jurnalına müsahibəsi

– Cənab 1-ci dərəcəli kapitan, müsahibəmizə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Söhbətimizə də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin mövcud durumundan bəhs edərək başlamaq istərdik. Bu gün Hərbi Dəniz Qüvvələrinin vəziyyəti necə dəyərləndirirsiz və imkanlarımız hansı səviyyədədir?

– Əvvala qeyd edim ki, SSRİ-nin süqutundan sonra, 1992-ci ildə yaranan Azərbaycan Hərbi Dəniz Qüvvələri o zaman Sovet Ordusundan miras qalmış texnika və gəmi parkına sahib olub. SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması 4 postsovet respublikası arasında bölündü və gəmilərin 25 faizi Azərbaycana saxlanıldı. Azərbaycana Xəzər donanmasından əsasən döyüş təminatı və təminat gəmiləri qalmışdı. Döyüş gəmilərinin sayı çox az idi. 1995-ci ildə dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün Hərbi Dəniz Qüvvələrinin inventarından 3 gəmi Sərhəd Qoşunlarının suüstü gəmilər briqadasına verildi. Qeyd etmək istəyirəm ki, HDQ-nin bu günkü döyüş və döyüş təminatı gəmilərinin üzərində uzun müddət modernləşdirmə işləri aparılıb.

Bu gün HDQ-nin gəmiləri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əsasən neft-qaz hasilatı rayonlarının, ixrac boru kəmərlərinin olduqları rayonların mühafizəsi və müdafiəsi ilə məşğul olurlar. Eləcə də HDQ mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması, Xəzər dənizində üzmə rejiminə əməl edilməsi ümumilikdə Xəzərin Azərbaycana aid sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə tapşırıqların yerinə yetirilməsi ilə məşğul olur. Gəmilərimizin bir qismi də Hərbi Dəniz Qüvvələrinin daxili təlabatlarına uyğun tapşırıqları yerinə yetirirlər. Bura axtarış-xilasetmə gəmilərimiz, adalarda olan infrastrukturun və dənizdə olan gəmilərin hərtərəfli təminatını təşkil etməkdən ötürü təminat gəmilərimiz daxildir. HDQ-nin Hidroqrafiya gəmi və katerləri də vardıkı onlar da Xəzər dənizində naviqasiya-okeanaqrafik işlərin, hidrometeroloji müşahidələrin aparılması, batimetria, geodeziya, topogeodeziya kimi tapşırıqları yerinə yetiririr.

Ümumilikdə deyim ki, Hərbi Dəniz Qüvvələri mövcud güc və vasitələrlə dənizdə fəaliyyət göstərən digər hərbi birləşmələr və dənizçilik təşkilatları ilə birlikdə təhlükəsizliyin təmin olunması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda milli maraqlarımızın qorunması məqsədilə fəaliyyət göstərir. Bundan başqa 2013-cü ilin sentyabrın 11-də Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası dəniz təhlükəsizliyi strategiyası” sənədi imzalanıb. Sənəddə Azərbaycanın bütün dəniz qurumları, eləcə də qarşılıqlı fəaliyyətdə olan digər təşkilatlar qarşısında tapşırıqlar qoyulmuş və vəzifə bölgüsü aparılıb. Bu sənəd vasitəsilə hər bir qurum ayrılıqda öz təyinatına, vəzifələrindən irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün fəaliyyət göstərir. Eləcə də bütün qurumlar təhlükəsizliklə və milli maraqların qorunması ilə bağlı müştərək fəaliyyət göstərirlər. Biz əsas tapşırıqlarımızın yerinə yetirilməsində DSX-nın Sahil Mühafizəsinin gəmi və katerləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin dəniz birləşmələri, hər iki qurumun aviasiya dəstələrinin köməyi, o cümlədən MN-nin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrindən istifadə edirik.

Bir faktı da qeyd edim ki, Azərbaycanın HDQ-nin Xəzər dənizindəki cavabdellik zonası, ölkəmizin materik ərazisindən daha böyük sahəni əhatə edir. Burada təhlükəsizliyin təmin olunması bizim üzərimizə düşür. Bu tapşırıqların yerinə yetirilməsi üçün bu gün mövcud qüvvə və vasitələrin balansının artırılması üzrə fəaliyyətlər həyata keçiririk. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mövcud gəmi və katerlərimizdə modernləşdirmə işlərini reallaşdırırıq. Onların təhlükəsiz üzməsi üçün naviqasiya avadanlıqlarını, radiotexniki vasitələrini, rabitə avadanlıqlarını yeniləyirik. Eləcə də HDQ-nin tərkibinin yenilənməsi, müasir gəmi və katerlərin alınmasını, üzən heyətin daha da gücləndirilməsi üçün gəmi inşası ilə məşğul olan müxtəlif dövlətlərə məxsus şirkətlərlə danışıqlar aparır, bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Bu gün Hərbi Dəniz Qüvvələrinin on illərdir ən böyük problemi əsas dislokasiya yeri olan bazasının olmaması idi. Bildiyiniz kimi, 2015-ci ilin iyun ayının 25-də prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin iştirakı ilə 2010-cu ildən təməli qoyulmuş yeni bazamızın açılışı oldu. Hazırda istifadədə olan hissə birinci fazada görülən işlərdir. Bu mərhələdə HDQ-nin komanda məntəqəsi, idarəetmə məntəqəsi, qərargah fəaliyyətlərini təşkil etmək üçün əsas qərargah binasının, eləcə də digər struktur bölmələrinin yerləşdirilməsi üçün binaların, həmçinin gəmilərin dislokasiyası üçün bütün infrastruktur və kommunikasiya xətləri ilə təmin olunmuş 3 ədəd körpünün tikintisi başa çatıb. Gəmilərin dənizin və təbii proseslərin təsirindən qorunması üçün 2 bənd tikilərək istifadəyə verilib. Bu da bizim gəmilərimizin burada təhlükəsiz dayanmasını təmin edir. Bazada HDQ-də çalışan hərbi qulluqçuların ailələrinin sosial-məişət şəraitinin təmin olunması üçün hər biri 50 mənzilli olan 2 yaşayış binası tikilib, istifadəyə verlib. Bu işlər gələcəkdə davam etdiriləcək. İkinci fazada daha 4 körpünün, HDQ-nin gəmi heyətlərinin, eləcə də sahil bölmələrində olan şəxsi heyətin, struktur bölmələrinin şəxsi heyətinin hazırlanması üçün Təlim və Simulyasiya mərkəzlərinin, Xəzər dənizində fəaliyyət göstərən qurumların fəaliyyətlərinin idarə olunmasından ötrü İdarəetmə Mərkəzinin də tikintisi planlaşdırılır.

– Bu İdarəetmə Mərkəzinin fəaliyyəti nədən ibarət olacaq? Maraqlıdır…

– Bu əslində yeni bir layihədir. Hərbi Dəniz Qüvvələrinin əsas bazasında yaradılacaq bu Mərkəzdə Fövgəladə rejimdə dənizdə fəaliyyət göstərən bütün qurumların nümayəndələri iştiraki ilə izlənməsi, risklərə cavab verilməsi, qərar qəbul edilməsi üçün əməliyyat qrupları olacaq. Hər istiqamət üzrə risklərin təyini, dənizdə texnogen fəlakətlərin baş verməsi zamanı proseslər asanlıqla idarə edilə biləcək. Bunun üçün bu gün ilk növbədə Xəzər dənizinin Azərbaycan məxsus sektorunda müşahidə sistemini təkmilləşdirilir. 2004-cü ildən etibarən neft-qaz infrasturkturunun mühafizəsi, müşahidə sistemlərinin yaratmaq məqsədilə sahil boyu müşahidə sistemlərinin quraşdırılması həyata keçirilib. Bu gün həmin radarlardan olan məlumat-görüntülər on-line rejimdə komanda məntəqələrinə ötürülür. Bundan başqa, vəziyyəti nəzarətdə saxlamaq məqsədilə Dövlət Dəniz Administrasiyasının müşahidə sistemindən və radarlarından, neft platformalarındakı radarların məlumat və görüntülərindən istifadə edirik. Bizim bütün qarşılıqlı fəaliyyətdə olan qurumlarımızla rabitə əlaqəmiz var. Digər dövlət qurumları ilə koordinasiyamız yüksək səviyyədə təşkil olunub.

– “Azərbaycan Respublikası dəniz təhlükəsizliyi strategiyası”ndan danışdınız. Bu sənəddən irəli gələn hansı işlər görülür?

– İlk növbədə onu qeyd edim ki, “Azərbaycan Respublikası dəniz təhlükəsizliyi strategiyası”nda hər bir qurumun tapşırıqları göstərilib, risklər, təhdidlər üzrə əsas və yardımçı-dəstək qurumlar təyin olunub. Sənəddən irəli gələn məsələlərin həllində bu fəaliyyətləri tənzimləyən doktirinal sənədlərin hazırlanması da qurumların üzərinə qoyulub. Bizim üzərimizə strategiyadan irəli gələn 2 sənədin hazirlanması düşüb. Yuxarıda qeyd etdiyim idarəetmə məntəqəsinin yaradılması da bu işlərdən biridir. Qeyd etdiyim kimi, burada məqsəd Xəzər dənizinin Azərbaycana məxsus hissəsində fəaliyyət göstərən hərbi birləşmələr və digər qurumlar arasında qarşılıqlı informasiya mübadiləsi məsələsinin həllini həyata keçirməkdir. Hazırda Hərbi Dəniz Qüvvələrinin üzərinə düşən tapşırıqlardan biri də Xəzər dənizində üzmə rejiminin təyin olunması ilə bağlı sənədin hazırlanmasıdır. Artıq biz bu sənədin layihəsini hazırlamışıq.

– Hərbi gəmilərdə modernləşmə işlərinin aparılmasına qısaca toxundunuz. İstərdik bir qədər bu məsələ ilə bağlı geniş danışasınız. Modernləşmə əsasən hansı istiqamətləri əhatə edir?

– “Hərbi Dəniz Qüvvələrinin perspektiv inkişaf planı” adlı sənəd mövcuddur. Bu sənəddə HDQ-nin qarşısında qoyulmuş tapşırıqlardan irəli gələn inkişaf məsələləri öz əksini tapıb. Biz modernləşdirmə və yenilənmə işini əsasən müşahidə sisteminin təkmilləşdirilməsi, mövcud gəmilərin silah, texnika və avadanlıqlarının modernləşdirilməsi, eləcədə yeni gəmilərlə üzən heyətin tərkibinin gücləndirilməsi istigamətində aparırıq. Bütün bu fəaliyyətlər paralel olaraq aparılır.

_MRS0843Diqqət ayırdığımız məsələlərdən biri də gəmilərin davamlığının, ekipajların sağlamlığının qorunmasına istiqamətlənmiş fəaliyyətlərdən ibarətdir. Bu fəaliyyətlərdə gəmi ekipajları tərəfindən daha yaxşı xidmət aparılmasına imkan verir.

Hərbi Dəniz Qüvvələrində Gəmi Təmiri Zavodu fəaliyyət göstərir. Təmir bazası olmadan Hərbi Dəniz Qüvvələrinin mövcudluğunu təsəvvür etmək mümkün deyil. Son zamanlar gəmi təmir zavodunun işi daha yaxşı təşkili olunur. Məhdud imkanlarına baxmayarag gəmi təmiri zavodu qısa müddət ərzində HDQ-nin əksər gəmi və katerlərinin təmir işlərinə hovuz təmirini keçirmiş və sıraya qoyulmuşdur.
Hərbi Dəniz Qüvvələrinin bazasının açılışında Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdir ki, bu baza ən yüksək dünya standartlarına cavab verir, son illər ərzində Azərbaycanda yaradılmış ən böyük hərbi obyektlərdən biridir. Həmçinin Xəzər hövzəsində də ən böyük hərbi obyektlərdəndir və Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq.

Hələ il yarım öncə, Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı yeni istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodunda hərbi gəmilərin inşasını da tapşırıb. Cənab Prezident bununla bağlı deyib: “Hesab edirəm ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə etməliyik. Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi istehsal oluna bilər. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir… Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək”. Düşünürəm ki, yaxın vaxtlarda apardığımız işlərin nəticəsi olaraq, Azərbaycanda HDQ üçün müxtəlif təyinatlı gəmilərin inşasına da başlanacaq. Bununla da Hərbi Dəniz Qüvvələrimiz öz imkan və qabiliyyətlərini daha da artırmış olacaq”.

– Hərbi Dəniz Qüvvələrində də son illər Silahlı Qüvvələrimizin digər qoşun növlərində olduğu kimi müqaviləli peşəkar heyətə keçildiyinin şahidi oluruq. Kadr hazırlığı və HDQ-nin beynəlxalq əməkdaşlığı barədə nələri söyləyə bilərsiniz.

– Bizim müxtəlif ölkələrlə hərbi dəniz sahəsində həm hərbi, həm də hərbi-texniki əməkdaşlığımız mövcuddur. Bu gün Azərbaycana dost olan dövlətlərlə Hərbi Dəniz Qüvvələrinin maraqlarına uyğun əməkdaşlığımızı davam etdiririk. Türkiyə, Pakistan, o cümlədən regionda bizə qonşu olan dövlətlərin dəniz qüvvələri ilə əməkdaşlıq qurmuşuq. Ümumi təhlükəsizlik məsələləri üzrə müzakirələrimiz olur. Kadrların hazırlanması məsələsində də əməkdaşlığımız var. Bizim hərbçilərin dost ölkələrin hərbi məktəblərində təhsil alması, onların Azərbaycanın Ali Hərbi Dənizçilik Məktəbində oxuması ənənəyə çevrilib.

deniz piyadacilari

Azərbaycan HDQ-nin dəniz piyada taborunun şəxsi heyəti 2013-cü ilin iyun ayında Bakı şəhərində keçirilmiş hərbi paradda

İlk növbədə onu deyim ki, Azərbaycanın Ali Hərbi Dənizçilik Məktəbi Hərbi Dəniz Qüvvələrimizi təmin edəcək qədər kadr hazırlayır. Bu məktəb Sovet dövründə də seçilmiş hərbi təhsil ocaqlarından idi, tarixi, ənənələri var. Məktəbdə bu yaxınlara qədər Qazaxıstanın hərbi dənizçiləri təhsil alırdı. Yaxın illərdə digər ölkələrində bir neçə dənizçi kursantın bizdə təhsil alması məsələsi gündəmdə var. Bizim hərbi dənizçilərimiz dünyanın inkişaf etmiş dəniz ölkələrində ixtisas artırma kurslara qatılırlar. Bundan başqa Xəzər dənizi hövzəsində olan ölkələrin hərbi dəniz qüvvələri ilə birgə tədbirlərdə iştirak edirik.Yəni biz daim olaraq, beynəlxalq səviyyəli tədbirlərdə iştirak edirik. Bu proses daim davam etdirilir və bundan məmnunuq.

– Türkiyə ilə əməkdaşlıq daha çox nəzərə çarpır.

– Hərbi sahədə əməkdaşlığımız və burada Türkiyənin dəstəyi danılmazdır. Eynilə də Hərbi Dəniz Qüvvələrinin yaradılmasında atılan addımlar da Türkiyə tərəfindən hər zaman dəstəklənib. 2000-ci ildə Türkiyə Azərbaycan HDQ-nə bir hücum kateri bağışladı həmin katerin modernləşdirilməsi üzrə işlər aparılır. Uzun müddət Hərbi Dəniz Qüvvələrində türkiyəli zabitlər bizimlə çiyin-çiyinə çalışıblar. İnkişaf mərhələsində vacib olan məsələlərdə bizə yaxından kömək ediblər. Bu gün də əməkdaşlığımız davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı sənədə əsasən Türkiyə ilə hər il hərbi və hərbi-texniki sahədə iş planlarımız hazırlanır. Bu planda kadr hazırlığı, texniki məsələlər öz əksini tapır. Türkiyə Hərbi Dəniz Qüvvələrinin tədris sisteminin bizdə tətbiq olunması də gündəmdə duran məsələlərdəndir. 2015-ci ilin aprelində Türkiyə Hərbi Dəniz Qüvvələrinin təhsil idarəsinin rəhbərliyi ilə bu məsələni müzakirə etmişik.

– Bu ilin (2015-ci ilin) iyul ayında Rusiyanın Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları Komitəsinin yaradılmasına dair məsələ müzakirə olundu. Bu Komitənin funksiyaları nədən ibarət olacaq? Burada söhbət BLACKSEAFOR tipli bir qurumun yaradılmasından gedir, yoxsa?

– İyulun 3-də Sankt-Peterburq şəhərində Rusiyanın təşəbbüsü ilə Dəniz Sərgisi çərçivəsində Rusiya, Qazaxıstan, İran və Azərbaycan nümayəndə heyyətini iştirakı ilə görüş oldu. Burada sözügedən komitənin yaradılması ilə bağlı təkliflər verildi. Bu komitə hərbi blok deyil. Sadəcə olaraq, ortaya çıxan və hər bir Xəzəryanı ölkəyə eyni formada təsir edə biləcək problemlərin – təhdidlərin, hadisələrin həlli üçün qarşılıqlı əməkdaşlıq məclisidir. Daha dəqiqi, komitəni məşvərət xarakterli bir şura formatında yaratmaq təklifləri var. Komitədə müəyyən istiqamətlər üzrə işçi qruplar da yaradılması təkliflər sırasındadır. Komitənin növbəti yığıncağı noyabrın 17-19 tarixlərinə planlaşdırılıb. Burada qüvvələrin hansısa tərəfə qarşı yönəlməsi müzakirə mövzusu deyil. Məqsəd hövzədə baş verən hadisələr zamanı ümumi maraqları müstəvisindən çıxış etməkdir. Onsuz da hövzə ölkələrinin hərbi dəniz qüvvələri ilə əməkdaşlığımız mövcudur. Bu həm də hərbi dənizçilər arasında olan dostluq və əməkdaşlıq məsələrinə öz müsbət təsirini göstərəcək.