08/02/2017 16:33

Hərbi ekspert: Azərbaycanda səfərbərlik və hərbi xidmətə çağırışla bağlı mükəmməl sistem qurulub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) fəaliyyət göstərdiy 5 il ərzində Azərbaycanda səfərbərlik işinin təşkili, hərbi xidmətə çağrış və hərbi vətənpərvərlik tədbirlərinin təşkili sahəsində bir sıra nailiyyətlərə imza atıb.

Bunu “AzeriDefence”yə açıqlamasında Xidmətin 5 illik fəaliyyətini dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Azər Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, Səfərbərlik Xidməti yaranana qədər Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən hərbi komissarlıqlar dönəmində hərbi xidmətə çağrış sahəsində bir sıra problemlər mövcud olub. Toplanışlar keçirilməyib, eləcə də səfərbərlik ehtiyatlarının uçotu demək olar ki aparılmayıb: “Hərbi komissarlıq sistemi deyəndə korrupsiya içində itib-batan bir qurum yada düşürdü. Hərbi Komissarlıqlar öz üzərinə düşən vəzifələrin öhtəsindən gələ bilmirdilər. Fiziki və əqli qüsuru olan insanların hərbi xidmətə göndərilməsi və digər belə problemlər mövcud idi”.

Ekspert qeyd edib ki, Səfərbərlik Xidməti yarandıqdan sonra, birinci növbədə diqqəti yönəldilən əsas məsələ korrupsiya ilə mübarizə olub: “İlk olaraq korrupsiyaya faktları aşkarlanan kadrlar xidmətdən xaric olundular, onların çoxunun işi məhkəmələrə göndərildi. Xidmətin hər il açıqladığı məlumatlardan görünür ki, bu sahədə kifayət qədər işlər həyata keçirilir. Digər bir məsələ hərbi vətənpərvərlik işinin təşkili ilə bağlı oldu. Bu sahədə SHXÇDX 3 ildir aktiv işlər aparır, rayonlarda tədbirlər keçirir. Eyni zamanda, Xidmətin tərkibində fəaliyyət göstərən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən silahlı qüvvələrdə ehtiyac duyulan ixtisaslar üzrə – sürücü, aşbaz, snayper, rabitəçilər hazırlanır. Xəstə, xidmətə yararsız insanların orduya göndərilməsi halı minumuma endirilib”.

A.Hüseynov onu da əlavə edib ki, SHXÇDX-nin əldə etdiyi ən mühüm nailiyyətlərindən biri də uzun illər Azərbycanda yalnız qanunlarda mövcud olub və icra edilməyən toplanışların bərba ediməsi və səfərbəlik ehtiyyatlarının uçotunun aparılmasıdır. Ekspertin sözlərinə görə, atəşkəs dönəmindən bu yana Azərbycanda hərbi vəzifəlilərin toplanışlara çağrılması prosesi demək olar ki, həyata keçirilməyib. Səfərbərlik Xidməti yarandıqdan sonra, 2014-cü ildən başlayaraq Müdafiə Nazirliyi ilə birlikdə toplanışları bərpa edib.

“Ehtiyatda olan hərbi vəzifəlilərin ilk müvəqqəti toplanışları təbii ki uzun illər mövcud olmadığından müəyyən problemlər yaşandı. Lakin sonrakı dönəmlərdə toplanışlar özü də səfərbərlik şöbələrinin bir təlimi rolunu oynadı. Onlar günün müxtəlif saatlarında toplanışları həyata keçirməklə artıq öz fəaliyyətlərini də tənzimləyə bildilər. Xidmət Azərbaycanda ilk dəfə olaraq müharibə şəraitində ehtiyac duyulan, istifadəyə cəlb oluna biləcək nəqliyyat vasitələrinin uçotunu apardı və səfərbərlik resurslarının vahid elektron bazası yaradıldı. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda səfərbərlik və hərbi xidmətə çağırışla bağlı mükəmməl sistem qurulub”, – deyə ekspert vurğulayıb.

A.Hüseynov bildirib ki, Xidmət 5 il ərzində ictimai əlaqələrin qurulmasında bir sıra yeniliklərə də imza atıb. Bunlardan xüsusi ilə elektron məlumatlandırma sistemlərinin yaradılması, çağrışçıların müddəti hərbi xidmətlərəni hansı hərbi hissədə keçmələri ilə bağlı məlumatların internet sayt üzərindən və ya qısa mesaj vasitəsi ilə öyrənə bilmələri, arxiv məlumatların elektron müraciət əsasında əldə edilməsi kimi mütərəqqi yeniliklərui qeyd etmək olar: “Bununla Səfərbərlik Xidməti ilk dəfə Azərbaycan hərbi qurumları arasında elektron xidmətləri tətbiq etmiş oldu. Düşünürəm ki, növbəti dönəmdə bu prosesin davamlı şəkildə həyata keçirilməsi reallaşacaq və yeni-yeni xidmətlər bu siyahıya əlavə ediləcəkdir”.

Ekspert əlavə edib ki, Səfərbərlik Xidmətinin mətbuat və ictimaiyətlə əlaqələri də müsbət qeyd olunasıdır: “Çağrışçıların təntənəli şəkildə hərbi hissələrə yola salınması, ali və orta məktəblərdə şagird və tələbələr, jurnalistlər və ictimai təşkilatlar arasında mütamadi yarışların və müsabiqələrin təşkili, vaxtaşırı rayonlarda görüşlərin keçirilməsi müsbət haldır. Düşünürəm ki, Xidmətin fəaliyyətində hansısa fərdlərin məsuliyyətsizliyi səbəbindən meydana çıxan bəzi problemlər də var ki, onlar da öz həllini qısa zamanda tapacaq”.