06/02/2017 15:10

Hərbi ekspert: Başlayacaq döyüş əməliyyatları Ermənistanı sosial və siyasi krizisə yuvarladacaq

Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlara başlayacağı təqdirdə Ermənistanı qısa müddətdə, söhbət 10-15 günlük döyüşlə kapitulyasiyaya məcbur edə bilər. Başlayacaq döyüş əməliyyatları və məğlubiyyət Ermənistanı həm də sosial və siyasi krizisə yuvarladacaq.

Bu fikirləri “AzeriDefence”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnuik Azər Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ildə keçirdiyi iki böyükmiqyaslı təlim, eləcə də ayrı-ayrı qoşun bölmələrinin təlimləri “ildırımsürətli müharibə” ssenarisinin nəzərdən keçirildiyini ehtimal etməyə əsas verir.

“Təlimlərin gedişində Müdafiə Nazirliyinin yaydığı videolarda mühəndis və artilleriya bölmələrinin fəaliyyəti növbəti döyüşlərdə qarşıya qoyulan tapşırıqları effektiv və sürətli şəkildə icra etmələrinə imkan verəcək. Bu gün Ermənistan Ordusunun işğaı altındakı Azərbaycan ərazilərində qurduqları eşalonlaşdırılmış mühəndis mövqelərinin struktruna nəzər salaq. Birinci eşalonun yarılmasında aprel döyüşlərindən göründüyü qədər problem olmadı. Bir məsələni də qeyd edim ki, erməni ordusunun birinci və ikinci eşalonları arasındakı sahələrdə yaradılan tank əleyhinə xəndəklər, dolaşıq məftillərdən maneələr, minalanmış sahələrin keçilməsi mühəndis istehkam bölmələrinin və artilleriya qoşunlarının hesabına mümkün olacaq”, – deyə ekspert vurğulayıb.

Hərbi ekspert qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra ermənilərin də öz zəif tərəflərini müəyyən edərək onu aradan qaldırmalarını diqqətdən kənarda saxlamaq olmaz. Belə ki, ermənilər bu döyüşlərdə Azərbaycanın əlində olan bəzi silah sistemlərinin “zərbəsini daddıqları üçün” növbəti döyüşlərdə ona qarşı tədbirli olacaqlar. İkinci bir məqam düşmənin ehtiyat qüvvələrinin hansı müddətə döyüş bölgəsində müəyyən edilmiş yerlərə dislokasiyasıdır: “Biz də gördük ki, ermənilərin ön cəbhədə əsgər çatışmazlığı problemləri var. Onların bölmələri natamam şəkildə komplektləşdirilib. Lakin düşmən döyüşlərin ilk günü könüllü şəkildə təqribən 600-ə yaxın birinci Qarabağ müharibəsi iştirakçısını cəbhəyə göndərmək üçün cəlb edə bildi. Sonrakı günlərdə bu rəqəm 10 minə çatdırıldı. Onlar yaşlı olsalar da təcrübəli müharibə görmüş insanlardır. Onlar 1992-1994-cü illərdə döyüşdükləri istiqamətlər üzrə göndərildilər və bu onu deməyə əsas verir ki, ermənilər yenə də keçmiş döyüşçülərin təcrübəsindən istifadə edəcək. Bu məsələ də ciddiyə alınmalıdır”.

A.Hüseynov onu da əlavə edib ki, bu gün Ermənistan Ordusunun həm işğal altındakı Azərbaycan ərazilərində, həm də Ermənistandakı hərbi bazaları, qüvvələrin çıxış rayonları, onların koordinatları Azərbaycan Silahlı Qüvvələrinə bəllidir: “Biz bu gün düşmənin cəbhə xəttində hansı silah və texnikanı hansı məsafədə yerləşdirdiyini bilirik. Azərbaycan Ordusu bu bazalara, cəmləşmə rayonlarına preventiv zərbə endirməklə, döyüşləri ilk saatdan öz xeyrinə dəyişə bilər”.