08/02/2017 19:01

Hərbi ekspert: Cəbhədə gərginlik aprelədək yüksələcək

Azər Hüseynov: “Sərkisyan müharibə veteranlarını Qarabağda Azərbaycan Ordusunun zərbəsi altına atmaqla, onlardan xilas olmağa çalışacaq”

Cəbhə xəttində yaşanan gərginlik aprel ayındadək yüksəlməyə davam edəcək.

Bunu “AzeriDefence”yə son zamanlar cəbhədə baş verən hadisələri şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Azər Hüseynov bildirib.

Hərbi ekspertin sözlərinə görə, dekabrın əvvəllərindən faktiki olaraq cəbhədə gərginlik yüksələn dinamika üzrə gedir. Bu dönəmdə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub, Ermənistan tərəfindən isə 10-dan artıq əsgər ölüb. Erməni tərəfinin yaralı sayı 5-dən çoxdur.

“Apreldə Ermənistanda keçiriləcək parlament seçkiləri bu gərginliyin artmasının başlıca faktorudur. Erməni mediasından izlədiyimiz qədər hazırda iqtidarda olan Respublika Partiyasına və hakimiyyətdə olan qarabağlılara qarşı münasibət yaxşı deyil. Sərkisyan və onun komandası ölkənin istisadi və sosial problemini həll etmək yerinə dərinləşdirdilər. Üstəlik 2016-cı ilin aprelində cəbhədə yaşadıqları uğursuzluq onlara qarşı çıxışları artırıb. Təhlillər göstərir ki, 2008-ci ilin martında olduğu kimi, apreldə də ölkədaxili etirazları yayındırmaq üçün Sərkisyan komandası diqqəti cəbhəyə yönəltməyə çalışacaq”, – deyə A. Hüseynov qeyd edib.

Ekspert hesab edir ki, ermənilər hər bir halda hücum əməliyyatları keçirmək cəhdini etməyəcək, cəbhədə diversiya cəhdləri, maksimum artilleriya vasitələrinin tətbiqi ilə kontaktsız toqquşmalara cəhdlər edəcəklər.

“Bununla da Sərkisyan hakimiyyəti həm narazı kütlənin fikrini Qarabağa yönəltməyə, həm də əsas narazılar olan birinci Qarabağ müharibəsi veteranlarını müharibə təhlükəsi bəhanəsi ilə Qarabağa ötürüb, Azərbaycan Ordusunun zərbəsi altına atmaqla, onlardan xilas olmağa çalışacaq”, – deyə ekspert bəyan edib.