17/05/2017 14:21

Hərbi ekspert: “Düşmən Azərbaycan Ordusuna qabaqlayıcı zərbə endirməyə cəhd edir”

Ermənistan Silahlı Qüvvələri təmas xətti boyunca təxribat xarakterli hücumlar etməkdə davam edirlər. Son aylar ərzində təşkil edilən hücumların çox hissəsi Füzuli, Xocavəd və Ağdam istiqamətində törədilir. Mayın 16-da da düşmən Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

“AzeriDefence”nin “Hücumların ən çox bu istiqamətdə təşkil olunmasının və ermənilərin bu ərazilərə aktivliyinin səbəbi nədir?” sualını şərh edən hərbi ekspert Nazim Bayramovun fikrincə, ermənilərin bu istiqamətlərdə fəallaşmaları bizim mümkün hücumun əsas zərbəsini məhz bu istiqamətlərdən gözləməkləri ilə bağlıdır:

“Ermənilər anlayır ki, onların müdafiəsi bizim zərbələrə və hücuma tab gətirməyəcək. Buna görə, şübhəsiz ki, fəal müdafiə taktikası seçəcəklər. Bunu onların hərbi təlimlərinin ssenarilərindən də anlamaq olar – hücumun dəf edilməsi və əkshücum”, – deyə ekspert vurğulayıb.

N.Bayramov sözlərinə görə, müdafiə oluna bilməyəcəyi səbəbindən düşmən Azərbaycan Ordusuna qabaqlayıcı zərbə endirməyə cəhd edir: “Fəallaşmalar bununla da bağlı ola bilər. Düşmənin istənilən məkrinə hazır olmalıyıq. Müdafiəmiz tələb olunan səviyyədədir. Onların istənilən hücumu dəf etməyə qadirik. Hətta deyərdim, düşmən bu addımı ilə bizə genişmiqyaslı hücuma keçməyə əsas verərdi”.