21/11/2016 21:41

Hərbi ekspert: Ermənilər növbəti müharibədə xoşagəlməz sürprizlərlə qarşılaşacaqlar

nazim bayram

Ermənistan rəhbərliyi aprel nokautundan özünə gəlməyə çalışır

“Aprel döyüşləri nəticəsində Ermənistan 22 ildir bayraq etdiyi “qalib” mövqeyindən Azərbaycan Ordusu tərəfindən aşırıldı. Ermənistan-Azərbaycan münaqişəsində faktiki status-kvo dəyişdi. Son 6 ayda Ermənistan rəhbərliyi aprel nokautundan özlərinə gəlmək, yeni reallıqda yeni müvazinət tapmağa çalışırlar”.

Bunu “AzeriDefence”yə açıqlamasında Ermənistanın prezidenti Serj Sarqsyanın son müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirən hərbi ekspert Nazim Bayramov bildirib.

Sarqsyanın çıxışlarındakı ziddiyətlərin bununla bağlı olduğunu düşünən ekspertin sözlərinə görə, o, erməni siyasətini işlədib, erməniləri gah yazıq və “Azərbaycanın qırmaq istədiyi” əhali kimi təqdim edir, gah, təhdidlər dolu bəyanatlar verir.

“Lakin məkrli düşmənlə bu, bizi arxayın etməməlidi. Apreldə ermənilər güclü panika və şok keçirtdilər. Azərbaycan ordusunun erməni ordusundan qat-qat güclü olmasını ermənilər etiraf etməyə məcbur qaldılar. Separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayan deyirdi, “erməni rəhbərliyi yatıb, ordumuz çox zəifdi… Azərbaycanın raketlərini nə ilə tutacağıq, əlimizlə?” İlk şokdan çıxan ermənilər çıxış yollarını axtarmağa başladı və havadarlarından real hərbi, hərbi-texniki və diplomatic dəstək tələb etdi. Bu dəstək özünü çox gözlətmədi”, – deyə N. Bayramov qeyd edib.

Hərbi ekspert hesab edir ki, Sarqsyanın, “Bakı müharibə istəyirsə, yeni şəhər və rayonların itirilməsinə hazır olsun” ifadəsinə ciddi yanaşsaq, onun altında, havadarlarına arxalanaraq, müharibə etimalı qaçılmaz olan şəraitdə, Qarabağa hücum üçün cəmləşdirilən ordu birliklərimizə preventiv (qabaqlayıcı) zərbə endirilməsində çıxış yolunu gördüyünü ehtimal etmək olar. “Bu “imkanlar” erməni hərbi ekspertlər arasında da ciddi müzakirə olunur. Ermənistan, İsrailin 1967-ci ildə ərəb koalisiyasına qarşı “6 günlük müharibədə” tətbiq etdiyi strategiyadan istifadə etmək xülyasına düşüb. Ermənilər yaxşı anlayırlar ki, Azərbaycan hərbi maşını işə salsa, tezliklə onları üyüdəcək. Bu qorxu, onları qabaqlayıcı addımlara əl atmağa vadar edə bilər. Düşünürəm, hərbi-siyasi rəhbərliyimiz müharibənin bütün ssenarilərini və ehtimalları çoxdan ciddi nəzərdən keçirib və hər bir halda düşmən xoşagəlməz sürprizlərlə qarşılaşacaq”.

Xəbər Lenti