17/01/2017 16:04

Hərbi ekspert: “Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanın təxribatlarına imkan yaradır”

Ermənistan dövlət sərhədində təxribatlarla Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinə ümid bəsləyir

Dekabr ayının ortalarından etibarən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədində aktivləşməsi və təxribat cəhdlərini artırması halları müşahidə olunur.

Dekabrın 29-da dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat cəhdləri törədən və Azərbaycan Ordusunun şəhid olmuş əsgərinin cəsədini hələ də əlində saxlayan Ermənistan Ordusu yanvarın 17-də səhər saatlarında “Şmel-M” odatanlarından da istifadə etməklə yenidən təxribatllara cəhd göstərib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Cəlil Xəlilov hesab edir ki, ermənilərin dövlət sərhədində aktivləşməsi bir sıra məqsədlərə hesablanıb.

Ekspertin fikrincə, bunlardan birincisi, ötən ilin 2-5 aprel hadisələri zamanı erməni silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatların qarşısının Azərbaycan Ordusunun layiqli cavab zərbəsi ilə qətiyyətlə alınması nəticəsində düşmənin darmadağın olunmasının Ermənistan ictimaiyyətində yaratdığı ruh düşkünlüyünün hər vasitə ilə aradan qaldırılması cəhdləridir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məğlubiyyət sindiromundan qurtulmaq, ölkədaxili siyasi-iqtisadi böhrandan diqqəti yayındırmaq üçün artıq neçə aydır ki, uğursuz cəhdlər göstərirlər. İkincisi, aprel məğlubiyyətinin ölkə daxilində yaratdığı ruh düşkünlüyündən istifadə etməyə çalışan Ermənistan müxalifətinin fəallaşması hesab oluna bilər. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim müxalifətin yaranmış vəziyyətdən yararlanmasına imkan verməmək üçün cəbhə xəttində uğursuz revanş cəhdlərinə çıxış yolu kimi baxır”.

Ekspert hesab edir ki, dövlət sərhədində təxribatlarla Ermənistan münaqişəyə özünə müttəfiq hesab etdiyi hansısa tərəfi, ya tərəfləri cəlb etməyə səy göstərir. Bu halda, Rusiya Federasiyası ilə əldə olunmuş sonuncu razılaşmaya və Kollektiv Təhlükəsizlik Müqaviləsinə cəlb edilmiş ölkələrə ümid bəsləyirlər.

“Dördüncü, ümumən hər iki ölkyə yaxın regionda baş verən münaqişələrlə və ABŞ-da yeni adminstrasiyanın hakimiyyətə gəlməsi ilə əlaqədar yaranmış vəziyyətdən Ermənistan tərəfinin maksimum istifadə etməyə çalışmasıdır. Belə vəziyyətlərdən həmişə maksimum yararlanmağa cəhd göstərən ermənilər özlərinin cəbhə xəttində törətdikləri təxribatların məsuliyyətini qarşı tərəfin, yəni Azərbaycanın üzrinə qoyur və dünya ictimaiyyətini çaşdırmağa çalışırlar”, – deyə hərbi ekspert vurğulayıb.

C.Xəlilov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun və bu qrupu təmsil edən həmsədr dövlətlərin fəaliyyətsizliyi nəticəsində münaqişənin həllinin yubadılması Ermənistan tərəfinə belə imkanlar yaradır. Məhz bu imkanları əldə saxlamaq üçün Ermənistan cəbhə xəttində daimi gərginliyin qalmasında maraqlıdır.