30/12/2016 22:35

Hərbi ekspert: “Xüsusi və kəşfiyat xarakterli toqquşmalarda itki sayının hesablanmasında klassik nisbətin tətbiqi qeyri-korrektdir”

nazim bayram

“Son günlər cəbhə və sərhəd xəttində baş vermiş toqquşmalarda tərəflərin itkilər sayı barədə həmişəki kimi ziddiyətli məlumatlar yayılır. Bu zaman erməni mənbələrinin bizdən daha çevik olması ayrıca müzakirəyə ehtiyacı olan geniş aktual mövzudur. Burada toxunmaq istədiyim məsələ düşmənin yaydığı məlumatlarda göstərdiyi bizim itki “sayın” necə, hansı “məntiqin” əsasında əmələ gəlməsidir”.

“AzeriDefence”nin məlumatına görə, bunu hərbi ekspert Nazim Bayramov bildirib.

Ekspertin sözlərinə görə, 29 dekabr toqquşmasında ermənilər 3 nəfər itki verib. Azərbaycanın itkiləri barədə “7-ə qədər” ifadəsini işlədirlər: “Biz bir nəfər itki vermişdik. Formal cəhətdən 1 də “7-ə qədər”dir. Ona görə sanki erməni yalan danışmır. Ancaq itki sayının “yuxarı” həddini 7 göstərməklə, bizi 2 dəfə çox itkilərə məruz qoyduqları təəsuratını yaradırlar”.

N.Bayramov qeyd edib ki, hərbi nəzəriyəyə görə hücum edən tərəf müdafiə olunandan sayca azı 3 dəfə çox olmalıdır və hücumda olan tərəf müdafiə olunandan 2-3 dəfə çox itki verə bilər: “Söhbət genişmiqyaslı əməliyatlardan gedir. Xüsusi və kəşfiyat əməliyatlarında və bənzər xarakterli toqquşmalarda itki sayının hesablanmasında klassik nisbətin tətbiqi qeyri-korrektdir.
Lakin erməni hərbi rəhbərliyi daim Azərbaycanı hücum tərəfi kimi təqdim etməklə, öz faktiki itki saylarını, çox düşünmədən, 2-yə, 3-ə vurub, bu yolla bizim itki sayımızı “çıxarıb”, erməni cəmiyətini ordunun gücünə inandırmağa və sakitləşdirməyə çalışır”.

Ekspert onu da qeyd edib ki, erməni “hesablaması” nəticəsində alınan rəqəmlər eyni zamanda onların real itkiləri barədə dolayı informasiya mənbəyidir. Qarabağ müharibəsi zamanı düşmən itkiləri barəsində “əks-hesablama” yolu ilə gəlinən qənaətlər, sonra başqa yollarla da təsdiqlənib.

Xəbər Lenti