20/03/2016 14:02

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir – FOTOLAR

Bu gün səhər saatlarından başlayaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

“AzeriDefence”nin məlumatına görə, gün ərzində ziyarətçilərə, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək üçün şərait yaradılır.

“AzeriDefence”nin əməkdaşları da “Açıq qapı” günündən reportaj hazırlamaq üçün Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən hərbi hissəsində olublar. Əvvəlcə hərbi hissənin komandiri, polkovnik Qurban Qurbanov, ordu korpusunun qərargah rəisi, polkovnik İlqar Lətifov və Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Rauf Dəmirov və digər yüksək rütbəli zabitlərinin iştirakı ilə valideyinlərlə görüşüblər. Onlar valideyinlərə əsgərlərin xidməti şəraiti, qidalanması, ordu komandanlığının gördüyü işlər haqda məlumat veriblər, o cümlədən valideyinlərin sualları da komandir və rəislər tərəfindən cavablandırılıb.

Sonra təntənəli mərasim keçirilib. Hərbi hissənin komandiri Qurban Qurbanov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Novruz bayramı münasibətilə şəxsi heyətə ünvanladığı məktubu oxuyub. Həmçinin, mərasimdə 4-cü Ordu Korpusunun komandiri, general-leytenant Rövşən Əkbərovun da təbrik məktubu şəxsi heyətə çatdırılıb. Əsgər valideynləri adından çıxış edən Hacı Vahid orduda aparılan islahatlar, hərbi hissədə gördüyü xidməti şərait haqda danışaraq, Azərbaycan Ordusunun inkişafından fəxr hissi keçirdiyini deyib. Valideyn bildirib ki, Qarabağ və işğal altında olan digər torpaqlarımızın azad olunması ordunun qüdrətindən keçir. Mərasimdə xidmətdə fərqlənən hərbi qulluqçular ordu korpusu komandirinin əmrinə əsasən təltif edilib. Sonra hərbi orkestrin müşayəti ilə təntənəli keçid olub.

Rəsmi hissənin ardınca valideynlər hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Əsgər kazarmalarına, hamam-camaşırxanaya, yeməkxanaya baxış keçirən valideynlər yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.