19/03/2018 12:47

Hərbi Prokurorluq DSX-nin hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirib – FOTO

Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Respublika Hərbi Prokurorluğunun Novruz bayramı münasibətilə birgə tədbirlər planına uygun olaraq 16-17 mart tarixlərində Bakı, Göytəpə, Horadiz və Zaqatala şəhərlərinin ərazilərində yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Hərbi Prokurorluğunun nümayəndələrinin  və ərazi Hərbi Prokurorlarının şəxsi heyətlə görüşləri keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilən görüşlərdə qonaqlar Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsindən Prezidenti İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində Azərbaycanın sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, sərhədlərin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən ətraflı danışıblar.

Tədbirlərdə Hərbi Prokurorluq əməkdaşları cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətin qarşısında çıxış edib, hərbi qulluqçulara müvafiq tövsiyələr veriblər.

Qonaqlar hərbi hissələrdə yaradılmış şəraitilə yaxından tanış olub, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.