30/06/2017 15:35

Hərbi Tibb fakültəsində növbəti buraxılış mərasimi keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov iştirak edib.

Fakültənin yeni və müasir tədris korpusunda keçirilən mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər məzunlara buraxılış münasibətilə uğurlar diləyərək hərbi həkimlərə müdafiə nazirinin təbriklərini çatdırıb, ordu quruculuğu sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri xüsusi qeyd ediblər.

Məzunlar hərbi tibbi təhsilin sirlərinə yiyələnmək üçün fakültədə yaradılmış şəraitə görə prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra hərbi tibb mütəxəssislərinin hazırlanmasında xidmətlərinə görə fakültənin bir qrup hərbi qulluqçusu fəxri fərmanlarla mükafatlandırılıb.

Hərbi həkim və hərbi feldşer ixtisası üzrə tam kursu bitirmiş məzunlara müdafiə nazirinin əmri ilə tibb xidməti leytenantı və gizir hərbi rütbələri verilərək onlar müvafiq vəzifələrə təyin olunublar.