12/07/2018 18:34

Hərbi Tibb Fakültəsində təlim-metodiki toplantı keçirilib – FOTO

İyulun 12-də Hərbi Tibb Fakültəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin zabitləri, hərbi hissə və müəssisələrin komandir-rəis heyəti, birliklərin tibb xidməti rəislərinin iştirakı ilə 2018-ci tədris ilinin birinci dövrünün yekunlarına həsr olunmuş təlim-metodiki toplantı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev açaraq 2018-ci ilin hazırlıq planında qış tədris dövrü üçün şəxsi heyətin tibbi təminatına aid nəzərdə tutulmuş tapşırıqların bütövlükdə yerinə yetirildiyini, tibbi hərbi hissə və müəssisələrin müasir diaqnostik cihazlarla komplektləşdirilərək xəstələrin tam müayinə olunmasına imkan yaratmasını və bir sıra digər məsələləri diqqətə çatdırıb.
Sonra 2018-ci tədris ilinin birinci dövründə müalicə-profilaktika işinin vəziyyəti, bu sahədə görülən işlər və həyata keçirilən profilaktiki tədbirlərin nəticələri barədə məruzələr dinlənilib.