29/12/2017 17:07

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-də hesabat müşavirəsi keçirilib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) hesabat müşavirəsi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, müşavirədə geniş məruzə ilə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışıb.

Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanıb. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanıb.

Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilib və təyinatı üzrə xidmət yerlərinə göndərilib. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanıb ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini deyib. Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və bir qrup əməkdaşa təşkilatın general Cəmşid Naxşıvanski yubiley medalını təqdim edib. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin fəxri diplomu və qiymətli hədiyyə ilə mükafatlandırıb. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilib.

Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanıb.