06/04/2018 16:47

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində “Çevik müdavimlər” adli estafet yarişi keçirilib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Bakı şəhərində yerləşən filiallarının xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı təşkil edib.

Bu barədə “AzeriDefence”yə Cəmiyətin Hərbi vətənpərvərlik və çağırışadək hazırlıq şöbəsindən məlumat verilib.

Yarışı açıq elan Cəmiyyətin sədri Niyazi Eynalov prezident İlham Əliyevin müharibə şəraitində olan Azərbaycanda ordu quruculuğunun möhkəm əsaslarını yaratdığını deyib və hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı önə çəkdiyi məsələlərə toxunub.

Yarışın mahiyyəti barədə məlumat verən N. Eynalov qeyd edib ki, hər tədris dövründə müdavimlərlə təşkil edilən bu kimi ardıcıl yarışlar Silahlı Qüvvələrin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək müdavimlərin hərbi vətənpərvər, döyüşkən əhval-ruhiyyəli, fiziki cəhətdən sağlam və hərtərəfli hərbi hazırlıqlı formalaşdırılmasına xidmət edir.

7 tapşırıqdan ibarət olan yarış boyunca müdavimlərə şərti döyüş şəraitində hərəkət metodları, ayıq-sayıqlıq, əl qumbaralarından istifadə qaydaları, atıcı silahdan dəqiq nişanalma bacarıqları, yaranmış təsadüflər zamanı avtomobil texnikasını minalanmış sahədən çıxararaq sağ-salamat mənzil başına çatdırmağın yolları, bütövlükdə isə döyüş təcrübəsi praktik olaraq mənimsədilib.

Münsiflər heyəti keçirilən yarışın nəticələrini qiymətləndirib, qalib komandaların üzvlərinə qol saatları hədiyyə edilib, diplom və kubokla mükafatlandırılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekunlarına görə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialının komandası 93 balla 1-ci nəticə, Sabunçu rayon filialının komandası 61 balla 2-ci nəticə, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 42 balla 3-cü nəticə göstərərək qalib olublar.