16/01/2018 14:50

Hərbi xidmətə yeni çağırılan gənclər hərbi hissələrə qəbul olunublar – VİDEO

Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yeni çağırılan gənclər hərbi hissələrə qəbul olunublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün ordu quruculuğunda aparılan islahatlar müsbət nəticəsini verib. İstər şəxsi heyətin döyüş hazırlığı, istərsə də  ruh yüksəkliyinin artırılması və maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlar yaradılıb. Hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şərat xidmətə başlayan gənc əsgərlərin hərbi qulluqçu kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir. Hərbi hissəyə gətirilən çağırışçıların ilkin olaraq qəbulu həyata keçirilir. Şəxsi heyətin saglamlığı çox vacibdir. Xidmətə başlamazdan əvvəl çağırışçılar tibbi müayinəyə cəlb olunurlar. Çağırışcılar bütün həkimlərdən keçəndən sonra onların tibbi kitabçalarında müvafiq qeydlər aparılır.

Ümumiyyətlə isə hərbi hissədə şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş məntəqə fəaliyyət göstərir. Həkim müayinəsindən sonra çağırışçılar psixoloqlarla söhbətlərə cəlb olunurlar. Gənclərlə ilkin tanışlıq zamanı onların psixi sağlamlıqlarının qiymətləndirilməsinə, şəxsi keyfiyyətlərinin aşkarlanmasına, hərbi xidmət şəraitinə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır. Növbəti mərhələdə çağırışçıların qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır. Hərbi biletlərindəki məlumatlar çağırışçılarla dəqiqləşdirildikdən sonra müvafiq bölmələrə təyin olunurlar. Daha sonra çağırışçıların saçları səliqəyə salınır. Növbəti mərhələdə gənc əsgərlər paltar və digər şəxsi əşyalarla təmin edilirlər.

Soyuq qış aylarında hərbi hissəni daim isti su və istilik sistemi ilə təmin etmək üçün müasir tələblərə uyğun qazanxana fəaliyyət göstərir. Burada quraşdırılmış suqızdırıcılar vasitəsilə şəxsi heyət sutkada 24 saat istiliklə təmin olunur. Bundan əlavə, hərbi hissənin çamaşırxanasında quraşdırılan müasir paltaryuyan, quruducu maşınlar və yataq ağlarının ütülənməsi ücün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq ağları ilə təmin edir. Şənbə və bazar günləri şəxsi heyətin yuyunma günləridir. Xanım aşpazların hazırladığı yeməklər ev yeməyindən heç nə ilə fərqlənmir. Hərbi hissədə salınmış idman şəhərciyində əsgərlərin günün nizam tələblərinə uyğun olaraq hər gün səhər və axşam idman məşğələləri keçirlər.