21/06/2018 11:35

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub – FOTO

İyunun 21-də Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2018-ci il buraxılışına həsr olunan mərasim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar və məzunların yaxınları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini təbrik edib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır: “Ordumuzun gücünü artıran onun savadlı və bacarıqdı zabitlərinin olmasıdır. Azərbaycan Ordusunda peşəkar zabitlərin yetişdirilməsi üçün bütün şərait yaradılıb. Ali Hərbi Məktəbin bazası, Akademiyanın bazası yenilənib. Bu gün hərbi hissələrdə xidmət edən zabitlərin hazırlığı komandir heyəti yüksək qiymətləndirir. Zabitlərin sosail bazasını gücləndirməsi üçün möhtərəm cənab prezident hər dəfə yeni fərmanlar imzalayır, qərarlar qəbul edir. Bildiyiniz kimi bu il zabitlərin maaşları da 10 faiz artıb. Ali Baş Komandanın zabitlərin mənzillərlə təmin olunması xüsusi diqqətindədir. İllər ərzində yüzlərlə mənzil zabitlərin istifadəsinə verilib. Hər il cənab prezidentin göstərişi ilə 20 ildən çox xidmət edən yüzlərlə zabitlər daimi istifadə üçün mənzillərlə təmin olunurlar. Bir neçə gündən sonra 500-dən çox zabitimiz evlə təmin olunacaq”.

Nazir bildirib ki, biz öz beynəlxalq imkanlarımızdan əlaqələrimizdən istifadə edərək, aparıcı orduların təhsil sistemləri ilə əlaqə yaradırırıq:

“Xüsusi qeyd etmək istəyirəm ki, biz qardaş Türkiyənin praktikasından da yararlanırıq. Əziz kursantlar və zabitlər, qarşıdan çox mühüm bir gün gəlir – Azərbaycan Silahlı Qüvvələrin 100 illik yubileyi. Biz bu 100 illiyə yüksək göstəricilərlə, cəbhədəki uğurlarımızla gəlirik. 2016-ci ilin aprel döyüşlərindən biz düşmənin təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl bildiyiniz kimi Naxçıvan istiqamətində də əməliyyat keçirildi və Naxçıvan istiqamətin də də 11 min hektar ərazi işğaldan azad edilib. Mən sizi, şəhid ailərini, zabitləri qarşıdan gələn bayram günü münasibətilə təbrik edirəm”, – deyə Z.Həsənov qeyd edib.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.