13/04/2019 20:52

Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunub

Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyin olunub.

“AzeriDefence”nin “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucovun yuxarı vəzifəyə təyin edilməsi ilə əlaqədar hazırkı vəzifəsindən azad edilməsi və Polkovnik Məhəmməd Həsənovun liseyin rəisi vəzifəsinə təyin edilməsi haqqında sərəncamı şəxsi heyətə çatdırıb.

Sonra Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.

Vəzifəyə yeni təyin olunan polkovnik Məhəmməd Həsənova gələcək xidmətində uğurlar arzulayan Ordu komandanı liseyin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, 56 kursantla fəaliyyətə başlayan lisey ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu digər bölgələrdəndir.