14/11/2018 21:21

HHQ və HDQ taktiki müdaxilələr üzrə fəaliyyətləri icra ediblər – VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının (KQHO) planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, noyabrın 12-də Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb. Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib. KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunur.