28/11/2017 13:32

Hindistan hava hücumundan müdafiəni “Barak-8” ZRK-lərlə təmin edəcək

Hindistanın Müdafiə Nazirliyi İsrailin “Taasiya Avirit” (IAI) şirkəti ilə müasir silahların alğı-satqısına dair müqavilə imzalayıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda məlumatı İsrailin “vesty” portalı yayıb.

Bildirilib ki, bu İsrail tarixində imzalanan böyük həcmli müqavilələrdən biridir. Sazişin dəyəri 1.5 milyard ABŞ dolları təşkil edir. İsrail konserni müqavilə çərçivəsində Hindistan Quru Qoşunlarına açıqlanmayan sayda “Barak-8” zenit-raket kompleksləri (ZRK) çatdıracaq.

“Kompleksin içərsinə bütün komponentlər – işəsalma qurğuları, raketlər, rabitə vasitələri, kontrol və naviqasiya sistemləri, həmçinin radiolokasiya sistemləri daxildir”, – deyə məlumatda qeyd olunub.

Bundan başqa, Hindistan donanmasına təyyarə daşıyan döyüş gəmilərdə qurulan, “Barak-8″in yeni modifikasiyası olan LSRAM zenit-raket kompleksləri veriləcək. Qeyd olunub ki, təkmilləşdirilmiş “Barak” kompleksləri istənilən mürəkkəb şəraitdə təyyarələri, ballistik və qanadlı raketləri, idarə olunan təyyarə bombaları, pilotsuz uçuş aparatları və helikopterləri məhv etmə qabiliyyətindədir.
“Taasiya avirit” şirkətinin baş direktoru Yosi Vaysın sözlərinə görə, İsrail istehsalçıları son 25 il boyunca hind partnyorlarıyla effektiv əməkdaşlıq edirlər.

2016-cı ildə Hindistanda “Barak-8” ZRK-nin bir neçə sınaq testləri keçirilib. Bu il isə kompleksdən orta mənzilli “yer-hava” tipli raketlər sınaqdan keçirilib.

Qeyd edək ki, bundan əvvəl Hindistan “Israel Aerospace Industries” (İAİ) şirkətindən “Barak-8” ZRK alınması ilə bağlı müqavilə bağlandığını bəyan etmişdi. Müqaviləyə əsasən 4 ZRK-nin Hindistana təhvil veriləcəyi nəzərdə tutulurdu. Razılaşmanın dəyəri isə 630 milyon dollar təşkil edir. Raketlər Hindistan istehsalı olan mühərriklərlə təchiz olunur.

Daha əvvəl, İsrail və Hindistan “Barak-1” kiçik məsafəli idarə olunan raketlərinin tədarükü haqqında da saziş imzalayıblar.