30/06/2012 06:45

Hindistan Rusiyadan milyard dollarlıq silah-sursat alıb

Hindistanın Müdafiə Nazirliyi Quru Qoşunları üçün nəzərdə tutulan silah-sursatın alınması ilə bağlı “Rosoboroneksport”la müqavilə bağlayıb. “AzeriDefenece” saytının məlumatına görə, bu son 2 ildə iki ölkə arasında hərbi sahədə imzalanan ən iri müqavilədir. Müqaviləyə əsasən Hindistan Rusiyadan tank və artilleriya mərmiləri, bir neçə tip tank əleyhinə raketlər və digər sursatlar alacaq.

“Rosoboroneksport” şirkətinin baş direktoru Anatoli İsaykin bildirib ki, 2012-ci ildə şirkətin ixrac üçün imzalanan müqavilələrinin məbləği 5 milyard dollar dəyərindədir. Hazırda isə Hindistan Rusiya silahlarını alan ən böyük idxalçıdır.

Rusiyanın Hərbi-Texniki Əlaqələr Federal Xidmətinin direktor müavini Viyaçeslav Dzirkalin isə deyib ki, hazırda Rusiyanın Hindistanla hərbi müqaviləsinin dəyəri 10,8 milyard dollar dəyərindədir. Ümumilikdə isə Rusiyanın bu il üçün hərbi sifarişlərinin məbləği 35 milyard dollardır.