05/01/2018 16:26

Horadiz əməliyyatının növbəti ildönümü qeyd olunub

Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının növbəti ildönümü qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan Ordusu 24 il əvvəl Horadiz şəhərini və Füzulinin 20 Arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub.

Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş yoldaşlarının məzarını ziyarət ziyarət edib, onların xatirəsini yad ediblər.

Milli Qəhrəman E. Zülfüqarovun məzarı üzərində toplanan veteranlar qarşısında çıxış edən hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Horadiz əməliyyatının Azərbaycan Silahlı Qüvvələrinin tarixində özünəməxsus rolunu və tarixi nailiyyətini vurğulayıb.

Daha sonra çıxış edən hərbi hissənin keçmiş zabitləri – Üzeyir Cəfərov və Tariyel Qəhramanov həmin döyüşlərlə bağlı fikirlərini bildiriblər. Veteranlar Ali Baş Komandanın əmri ilə yenidən döyüşlərə atılmağa hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, 1994-cü il yanvar ayının 5-də başlamış Horadiz əməliyyatında Müdafiə Nazirliyi ilə yanaşı Daxili Qoşunlar, Sərhəd Qoşunları və polis qüvvələri iştirak edib. Döyüşlər zamanı ermənilər çox sayda itki verib. Düşmənin onlarla hərbi texnikası, çox sayda silah qənimət olaraq ələ keçirilib.