29/09/2013 07:55

Horadiz Sərhəd Dəstəsinin yeni qarnizonu açılıb – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsində yeni qarnizonun və zabit-gizir heyəti üçün inşa edilmiş yeni yaşayış massivinin açılışı olub. “AzeriDefence”nin xəbərinə görə, tədbirdə çıxış edən Horadiz Sərhəd Dəstəsinin komandiri, polkovnik-leytenant Zaur Zeynalov hərbi hissənin keçdiyi döyüş yolu barədə məlumat verib. Z. Zeynalov qeyd edib ki, dəstənin şəxsi heyəti Füzuli, Zəngilan və Cəbrayıl rayonlarının müdafiəsində, eləcə də 1994-cü ildə uğurlu Horadiz əməliyyatında iştirak edib. Horadiz əməliyyatında sərhədçilər 26 şəhid verib.

Tədbirdə qeyd olunub ki, sərhəd dəstəsində yeni ikimərtəbəli qərargah binası, 30 çarpayılıq 2 mərtəbəli tibb məntəqəsi, məişət təminatı binası, yeni bağlı anbarlar, texnika parkı inşa edilib. Hərbi qulluqçuların ailələrinin yaşaması üçün sərhəd dəstəsinin ərazisində 2 ədəd ikimərtəbəli 8 mənzilli yaşayış binası əsaslı təmir edilib, 2 ədəd ikimərtəbəli 16 mənzilli və 1 ədəd 3 mərtəbəli 57 mənzilli yeni yaşayış binaları inşa olunub.

Son illərdə Azərbaycanda həyata keçirilən ordu quruculuğu işlərindən danışan DSX rəisi, general-leytenant Elçin Quliyev isə 2006-cı ildən indiyə kimi yüzlərlə sərhəd zastavası, komendantlıqlar, onlarla hərbi hissələrin, mindən artıq mənzilin inşa edilərək istifadəyə verildiyini vurğulayıb.

E. Quliyev onu da vurğulayıb ki, Horadiz Sərhəd Dəstəsi strateji bir nöqtədə yerləşir. Cəbhə xəttində olması bu hərbi hissənin şəxsi heyətinin hazırlığını daim yüksək səviyyədə saxlamağı tələb edir: «Düşünürəm ki, yaxın zamanlarda Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimiz işğaldan azad olunacaq. Azərbaycan sərhədçiləri bütöv Azərbaycan sərhədlərində xidmət edəcəklər».

Tədbir çərçivəsində hərbi hissənin xidmətdə fərqlənən bir qrup hərbi qulluqçusu DSX rəisi tərəfindən təltif olunub.

Daha sonra DSX rəisi «Əhmədalılar» sərhəd zastavasına baxış keçirərək sərhəd zastavasının xidməti döyüş fəaliyyəti ilə tanış olub.