25/12/2012 06:51

Hərbçilərə kirayə üçün verilən pul kompensasiyası artırılacaq

Azərbaycanda hərbçilərə kirayə haqlarının ödənilməsi üçün verilən pul kompensasiyasının məbləği artırılacaq. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Nazirlər Kabinetindən məlumat verilib.

Kirayə haqlarının artırılması ilə bağlı təkliflərə hazırda hökumətdə baxılır. Gələn ilin əvvəlinə gözlənilən artımın əhəmiyyətli olacağı qeyd olunsa da məbləği barədə əlavə məlumat verilməyib.

Hökumətdən bildirilib ki, Silahlı Qüvvələrdə əmək haqqı və pensiya sisteminin təkmilləşdirilməsi, eləcə də digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün gələn il 38 milyon 458.3 min manat vəsait ayrılması planlaşdırılır. Ümumilikdə 2013-cü ilin büdcəsində bu məqsədlər üçün sərf olunması planlaşdırılan vəsaitin həcmi 2012-ci ildəkindən 249.3% çox olacaq.

Qeyd edək ki, hazırda kirayə üçün verilən pul kompensasiyasının məbləği Bakı şəhəri üzrə hərbi qulluqçuya 47 manat, onun hər bir ailə üzvünə qeyd olunan vəsaitin 50%-i, rayonlar üzrə müvafiq olaraq 27 manat və onun 50%-i məbləğindədir.