17/08/2014 11:14

Hərbi Hava Qüvvələrinin pilotları müasir qoruyucu vasitələrlə təchiz olunub

Hava hücumundan müdafiə qoşunlarının təlimləri davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, S-300 PMU-2 “Favorit” və S-125 “Peçora-2” TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən, onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasiya məhvetmə vasitələri ilə tam dağıdıb.

Təlim uçuşlarından sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun qoruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub.

Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkcələr hədiyyə edilib.

Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.