16/04/2013 03:45

Hərbi liseylərə sənəd qəbulu başlayıb

Azərbaycanın hərbi liseylərinə ərizə qəbulu başlayıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.Ərizələrin qəbulu iyunun 25-dək aparılacaq. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər ərizələrini təsdiq etdirmək üçün müvafiq təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına lazım olan sənədlərlə yanaşı sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər. Cari ilin məzunları təhsil haqqında sənədin əvəzinə təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində (kursunda) oxuduqlarını təsdiq edən arayışı da təqdim edirlər. 16 yaşı 2013-cü il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa abituriyentin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə-Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Azərbaycan Tibb Universitetinin ali hərbi tibb fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə, ali hərbi məktəblərə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verilməlidir.

“Abituriyent” jurnalının 2013-cü il üçün birinci nömrəsində abituriyentlər adı çəkilən tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallarla tanış ola bilərlər. Bu bölmədə, həmçinin Türkiyənin Quru Qoşunlarının Ali Hərbi Məktəbinə və Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə qəbul elanları da təqdim olunub.