14/02/2014 11:30

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan İşçi Qrupunun 5-ci görüş keçirilib

İslamabad şəhərində Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan İşçi Qrupunun 5-ci görüş keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Mohammad Farrux Raşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik edib.

Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişatı, o cümlədən 4-cü Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşünün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib. Qəbul edilmiş qərarlar illik əməkdaşlıq Planına daxil edilib.

Eyni zamanda, ölkələrin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Müzakirələrin sonunda “Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşünün Protokolu” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı” imzalanıb.