11/03/2014 13:18

Hərbi Tibb Məktəbinə Feldşer ixtisası üzrə 2014-2015-ci tədris ili üçün qəbul qaydaları

I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 2 il
Yaş həddi : carı ildə ümumtəhsil məktəbinin 11-ci sinfində oxuyan, 15 sentyabr 2014-cü ilə qədər 17 yaşı tamam olan və 19 yaşı keçməyən və ya müddətli hərbi xidmət keçmiş, ehtiyatda olan 23 yaşına qədər hərbi vəzifəli Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.
Hərbi Tibb Məktəbinə qəbul olan şəxslər təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 manat məbləğində təqaüd alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi Tibb Məktəbinə qəbul olmaq istəyən namizədlər 2014-cü il aprel ayının 1-dən may ayının 30-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– tərcümeyi-hal;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmalıdır);
– iş yerindən, yaşayış yerindən, hərbi hissədən və ya ümumtəhsil məktəbindən verilmiş xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış-forma № 63);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz 3×4 sm ölçüdə);
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri;
– sakit vəziyyətdə və fıziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
– qanın hepatit C və B-yə aid müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, çağırışçının qeydiyyat vəsiqəsi (və ya hərbi bilet), tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
III. Hərbi Tibb Məktəbinə qəbul iki mərhələdə həyata keçirilir:
Birinci mərhələdə namizədlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmə tarixi sənəd qəbulu vaxtı bildiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Hərbi Tibb Məktəbinə qəbul olunmaq üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– Kimya.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur.
Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi.
Əlaqə telefonu: (012) 541-13-36.
Naxçıvan Muxtar Respublikasında yaşayan Hərbi Tibb Fakültəsinə və Hərbi Tibb Məktəbinə qəbul olunmaq istəyən abituryentlər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim etməlidirlər.
Əlaqə telefonları: (036) 544-00-15, (036) 544-00-16.