24/01/2015 09:28

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”ndə 2014-cü ilin yekunları dəyərləndirildi – FOTOLAR

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin icra orqanında Cəmiyyətin 2014-cü il ərzində fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.
“AzeriDefence”nin məlumatına görə, müşavirədə geniş məruzə ilə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev bildirdi ki, Cəmiyyət ötən ildə də öz işində Azərbaycan Prezidentinin müvafiq Fərmanını, Nazirlər Kabinetinin qərarlarını, Xidmət rəisinin əmr və sərəncamlarını rəhbər tutaraq illik plan əsasında fəaliyyət göstərbç.

Daha sonra illik plan üzrə həyata keçirilən tədbirlər barədə məlumat verən Ş. Əliyev, ötən ildə Cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi, Cəmiyyətin icra orqanında və filiallarında normal iş şəraitinin yaradılması, vətəndaşlar arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, xüsusi hərbi ixtisaslar üzrə yeni kursların açılması istiqamətində əldə olunan nailiyyətləri Cəmiyyətin uğuru kimi qiymətləndirib.

Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”na əsasən, Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün xüsusi hərbi ixtisaslı mütəxəssislərin hazırlığına toxunan Ş. Əliyev qeyd edib ki, fevralın 2-dən aşpaz və sürücü xüsusi hərbi ixtisasları ilə yanaşı snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığına da start veriləcək. Bunun üçün tələb olunan maddi-tədris bazanın formalaşdırılması işləri tam yekunlaşdırılıb, həmin kurslara cəlb olunacaq çağırışçıların komplektləşdirilməsi prosesi isə yekun mərhələdədir. Qeyd olunub ki, ilk olaraq Snayper kursları Cəmiyyətin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, Rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filialı, Zaqatala rayon və Şəki şəhər filiallarında, Paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filiallarında keçiriləcək. Bununla yanaşı aşpaz kursları Cəmiyyətin Gəncə şəhər 3 nömrəli filialında da açılıb.

Ötən il Cəmiyyətin Sabunçu rayon filialının 25 metrlik atıcılıq tirinin atəş nöqtəsi yenidən qurulub. Balakən rayon 1 nömrəli filialda 36 nəfər üçün nəzərdə tutulan tam təchizatlı qonaq evi tikilib sentyabr ayında paraşüt həvəskarlarının və müdavimlərin istifadəsinə verilib.

Xidməti tapşırıqların operativ həll edilməsi məqsədilə əlavə 1 ədəd “Hyundai Grandeur” markalı və sürmə təlimində istismar edilməsi məqsədi ilə 6 ədəd yeni “Nissan Sunny 1.5 Base” markalı, avtomat transmisiyalı minik avtomobilləri alınıb. Aidiyyəti qurumlara müraciət əsasında əlavə 1 ədəd “UAZ” markalı minik və 3 ədəd QAZ-3308 markalı yük avtomobili əvəzsiz olaraq Cəmiyyətin balansına verilib. Təlim prosesində istismar edilməsi məqsədi ilə həmin avtomobillər müvafiq qaydada filiallar arasında bölüşdürülüb.

Vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi Konsepsiyasının layihəsi və təkliflər hazırlanaraq baxılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim olunub.

Xidmətin aparatı və Cəmiyyətin icra orqanının birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş KİV nümayəndələri arasında I atıcılıq turniri təşkil edilib keçirilib.

Azərbaycanda işgüzar səfərdə olan türk generalları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, Cəmiyyətin Sabunçu rayon filialı ilə tanışlıqları təmin olunub.

2014-cü ilin I və II tədris mərhələsi üzrə Azərbaycan Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 6886 nəfər sürücü və 240 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə 170 nəfər həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 34943 nəfər sürücü mütəxəssis hazırlanıb ki, bu da illik planın 97,4%-ni təşkil edib.

2015-ci il üçün Cəmiyyətin tədris filiallarında texniki ixtisaslar üzrə mütəxəssislərin təsərrüfat hesablı hazırlığı planı təsdiq edilib. Cəmiyyətin sədri Ş. Əliyev yeni alınmış “Nissan Sunny” markalı avtomobillərin açarlarını filial direktorlarına təqdim edib.

Daha sonra Cəmiyyətin sədri Şahvələd Əliyev 2015-ci il üçün planlaşdırılan və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Sonda Cəmiyyətin filial direktorlarının məruzəsi dinlənilib.