30/06/2015 13:49

Hərbi xidmətə gedənlər üçün bu gündən SMS və on-line bildiriş xidməti aktivləşib

Bu gündən iyul ayının 1-dən 31-dək həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytı üzərindən və SMS vasitəsi ilə dəqiqləşdirə bilər.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Artıq sayt üzərində qeyd olunan xidmət aktivləşdirilib. Vətəndaşlar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq orada özləri haqqında informasiyaları yazmaqla xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.

Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.